Yeni avtobuslar üçün kredit verilib

Bakı-2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində Bank VTB (Azərbaycan) 50 yeni avtobusun alınması üçün "Safa Trans" şirkətinə 7 mln. manat məbləğində kredit ayırıb. SİA-nın məlumatına görə, ilk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. "İsuzu" "CityBus" markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar AVRO-5 ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.

Bank VTB (Azərbaycan)–ın İdarə Heyətinin üzvü Zaur Rəsulov Azərbaycana gətirilən avtobusların ölkəmizdəki şəhərdaxili nəqliyyatın dünya standartlarına uyğunlaşdırılması məqsədi daşıdığını burğulayıb: "2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur. Bank VTB (Azərbaycan) bu əhəmiyyətli tədbirin hazırlığına öz tövhəsini verməkdən qürur duyur. Dünya standartlarının tələblərinə uyğun avtobuslaırn alınmasının maliyyələşdirilməsiniAvropa Oyunlarına bizim dəstəyimizin ilk mərhələsi hesab etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə