Əmlak Məsələləri Dövlət Komitəsi 25 dekabr 2014-cü il tarixində Sumqayıtda vətəndaşlar və mətbuat nümayəndələri üçün "Açıq qapı" günü-vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirib. Komitədən SİA-ya verilən xəbərə görə, tədbirdə Sumqayıt şəhəri, Siyəzən Xızıdan rayonlarından olan vətəndaşlar və digər maraqlı tərəflər iştirak edib.
"Açıq qapı" gününün təşkilində başlıca məqsəd ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etməkdir. Eyni zamanda, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat və müasir xidmətləri nümayiş etdirməkdir. Tədbir "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilib. "Açıq qapı" günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini izləyib və yaxından tanış olublar. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər iştirakçılara əyani izah olunub. Bildirilib ki, vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Ərazi idarələrində vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron informativ tablolar quraşdırılıb.
Tədbirdə qeyd olunub ki, vətəndaşların rahatlığını təmin etmək, onların mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi noyabr ayından yeni kampaniyaya start verib. Kampaniya vətəndaşların əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair əldə etdikləri aktlar, qeydiyyat vəsiqələri, şəhadətnamələrin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ilə bağlıdır. Artıq belə kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Şəki və Qəbələ rayonlarında keçirilib və 1250-ə yaxın vətəndaş kampaniyadan faydalanıb. Eyni zamanda, tədbirdə komitənin elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, xüsusi mülkiyyətin qeydiyyatı ilə bağlı 29 elektron xidmət, o cümlədən 2 onlayn xidmət fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 140 minə yaxın müraciət daxil olub və təmin edilib.
Qeyd olunub ki, hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəzin tikintisi 2015-ci ilin birinci yarısında yekunlaşacaq.
Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Bildirilib ki, mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların ünvanına çatdırılır. Qeyd edək ki, ümumilikdə, indiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000 vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son illərdə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə son 3 ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. Bu il daşınmaz əmlakın qeydiyyat sayı 200 minə yaxın olub.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatında əldə olunan nailiyyətlərin beynəlxalq aləm tərəfindən də qiymətləndirildiyi qeyd olunub. Belə ki, Dünya Bankının bu il dərc olunan "Doing
Business 2015" hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə dünya üzrə ilk onluğa daxil olub.
"Açıq qapı" günündə mətbuat nümayəndələri və vətəndaşların verdikləri suallar cavablandırılıb.
Eyni zamanda, həmin gün Sumqayıt şəhəri, Siyəzən və Xızı rayonları üzrə aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı da keçirilib. Belə maarifləndirici tədbirlər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənməni təmin etmək məqsədi daşıyır. Belə tədbirlər sayəsində dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işləri aparılır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəfləri dolğun şəkildə çatdırılır.
Xatırladaq ki, bu maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində həyata keçirilir. Bu il ərzində komitə tərəfindən belə tədbirlər Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz, Beyləqan və Abşeron rayonlarında təşkil edilib. Tədbirlərin auditoriyası 500 nəfərə yaxın olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB