Müəssisələrdə rəqabət qabiliyyətini artırmaq tələb olunur AÇIQLAMA

Müəssisələrdə rəqabət qabiliyyətini artırmaq tələb olunur AÇIQLAMA

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması əslində yeni bir məsələ deyil. Azərbaycan 1997-ci ildə bu təşkilata üzv olmaq üçün müraciət edib. İndiyə qədər bununla bağlı həm çoxtərəfli danışıqlar, həm də ayrı-ayrı ölkələr arasında ikitərəfli danışıqlar davam edir. Bu prosesin sürətləndirilməsi üçün zaman-zaman Prezident tərəfindən sərəncamlar da imzalanıb. Ancaq Azərbaycan hələ ki, bu təşkilata qoşulmağa tələsmir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmağa tələsməməsi rəqabət qabiliyyətli istehsalın aşağı olması ilə izah olunur: "Qiymətləndirmələr onu göstərir ki, əgər Azərbaycan bu təşkilata qoşularsa, ölkə iqtisadiyyatının inkişafında maneələr yarana bilər. Çünki hələ də Azərbaycan daxilində rəqabət qabiliyyətli istehsal aşağı səviyyədədir. Əslində bu yanaşmada daha çox konservatorluq hiss olunur. Çünki Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması ölkədə rəqabətin inkişafına güclü təkan verər. Bu da ölkədə yeni yaranan sənaye müəssisələrində rəqabət şəraitinin inkişafına imkan yarada bilər. Bu təşklata dünyanın 147 ölkəsi üzvdür və dünya ticarətinin 95 %-dən çoxu bu təşkilatın tərkibində baş verir. Beynəlxalq biznes münasibətlərində ÜTT-nin üstünlükləri çoxdur. Bu baxımdan Azərbaycanın bu təşkilata qoşulması malların dünyada sərbəst və təhlükəsiz hərəkətinə daha böyük imkanlar yaradır. Bunun üçün Azərbaycan hökumətindən, biznesmenlərdən və iş adamlarından ciddi çalışmalar və öz müəssisələrində rəqabət qabiliyyətini artırmaq tələb olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə