Müslim İbrahimov: “Cinsin geni bölgə üçün uyğunlaşdırılıb” Açıqlama
"Son 3 ildə Azərbaycana 3 minə yaxın iribuynuzlu mal –qara gətirilib. İdxal əsasən Almaniyadan və İsveçdən həyata keçirilir. Bu heyvanlar məhsuldarlığına görə fərqlənirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslim İbrahimov deyib.
Onun sözlərinə görə, cins heyvanlardan əldə edilən məhsulun artırılması üçün 3 əsas istiqamətdə işlərin görülməsi vacibdir: "İri buynuzlu heyvanlar təxminən 30 – 35 litr süd verir. Ancaq burada müəyyən problemlər var. Südçülük istiqamətində yetişdirilən mal-qaranın saxlanılmasında həmişə südün faizində aşağı enmə riski ortaya çıxır. Bu, 3 səbədən qaynaqlanır. Bunlardan birincisi iqlim şəraitidir. Burada bölgə məsələsi əsasdır. Yəni, konkret bir cinsin geni müəyyən bölgə üçün uyğunlaşdırılmışdır. Cins inəklər Azərbaycana gətirildiyi vaxt müəyyən bir adaptasiyadan keçirilməlidir. Adaptasiya dövründə heyvanlara qarşı "Aqrolizing" tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Müəyyən bir vaxt çərçivəsində məhsuldarlıq aşağı enir. Daha sonra isə, məhsuldarlıq öz qaydasına düşür. Məhsuldarlığın normasına düşməsi üçün ikinci məsələ ortaya çıxır ki, bu da saxlanılma şəraiti və infrastrukturdur. Nəzərə alınmalıdır ki, müəyyən şəraitə uyğunlaşmış heyvan, ölkəmizə gətirildikdən sonra onun infrastrukturuna ciddi nəzarət yetirilməlidir. Üçüncü ən əsas məsələyə gəldikdə bu heyvanın qidalanmasıdır. Yem bazası çox vacibdir. Cins inək gətirilənə qədər hansı qida rasionundan istifadə edirdisə, yenə də həmin rasiondan istifadə etməlidir".
Ekspert Azərbaycana gətirilən cins inəklərdən məhsuldarlığın və istehsalın istənilən səviyyədə əldə edilməsi üçün kompleks tədbirlərin vacibliyini vurğulayıb: "Bütün bu 3 məsələ bir-biri ilə sıx əlaqəlidir. Əgər iqlim şəraitinə uyğunlaşmayıbsa heyvanın qidalanmasında da mənfi təsirlər aşkar ediləcək, bu da istehsala təsirsiz ötüşməyəcək. Nəticədə, heyvanın məhsuldarlığına görə qurulan istehsal müəssisələrinin istehsalında da problem yaranacaq. Bu, çox kompleksli bir yanaşmadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB