Biznes tərəfdaşlığı müzakirə olundu

Biznes tərəfdaşlığı müzakirə olundu

Başqırdıstan Respublikası Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyası, ASK Biznes Konsaltinq, AZPROMO və Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu işgüzar biznes forum keçirib. ASK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan ASK-ın vitse prezidenti Vüqar Zeynalov, son 10 ildə ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin hökm sürdüyünü, investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bir çox Avropa ölkələrində iqtisadi böhranın mövcudluğu fonunda ölkəmizin bu istiqamətdə inkişafını müsbət hal kimi dəyərləndirib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Qeyd edib ki, vaxtaşırı keçirilən görüşlər Rusiyadan olan tərəfdaşların Azərbaycan iqtisadiyyatına inam və etibarının real göstəricisidir. Azəbaycan bir sıra iqtisadi göstəricilər üzrə dünyada ilk yerlərdən birini tutur. Ehtiyat fondunun Ümumi Daxili Məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu isə məhz Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına bariz nümunədir. Digər tərəfdən, xarici borcun ÜDM-də payına görə ölkəmiz dünyada 12-cidir. Bir tərəfdən valyuta ehtiyatlarımız artır, digər tərəfdən isə xarici borcun ÜDM-də payı minimuma enir. Bu isə o deməkdir ki, Azərbaycan gələcəkdə baş verə biləcək hər hansı qlobal böhranın təsirindən real şəkildə sığortalanıb. Qeyd edək ki, xarici borcun məbləği ölkəmizin ÜDM-də payının cəmi 8 faizini təşkil edir. Digər əhəmiyyətli məqam isə dövlət gəlirlərinin ÜDM-də payına görə ölkəmizin ilk on beşliyə daxil olmasıdır. Bu isə ölkənin gəlirlərinin stabil və daimi artdığından xəbər verir. Azərbaycan höküməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. ÜDM-in 60%-i qeyri-neft sektorunun payına düşür. Kənd təssərüfatı, yüksək texnologiyaların istehsalı, yeyinti sənayesi, telekommunikasiya sahəsi sürətlə inkişaf edir. Turizm infrastrukturu əsas diqqət yetirilən sahələrdən birinə çevrilib və artıq gəlir gətirməyə başlayıb.

Başqırdıstan Respublikasının Ticarət Sənaye palatasının vitse-prezidenti Pavel Barmin isə respublikalarımız arasındaki işgüzar əməkdaşlığın hazırki vəziyyəti və potensialı haqqında ətraflı məruzə ilə çıxış etdi. İqtisadiyyatımızın bir çox sahəsinin oxşar olduğunu vurğulayan qonaq zəngin təbii ehtiyyatlara malik olan Başqırdıstanda əsasən neft emalı və kimya sənayesinin inkişaf etdiyini dedi. Rusiyada benzin istehsalı üzrə birinci yerdə olan respublika, kauçuk istehsalında ikinci yeri tutur. Başqırdıstanda həmçinin maşınqayırma, aviasiya mühərrikləri, dərman preparatları istehsalı da inkişaf edib. Azərbaycanla ticarət həcminin ildə 62 milyon dollar təşkil etdiyini bildirən cənab Barmin, bu rəqəmi qat-qat artırmaq imkanına malik olduğumuzu qeyd etdi. Daha sonra, qonaq nümayəndə heyətinin üzvlərinə təmsil etdikləri şirkətləri təqdim etmək üçün soz verib.

Forumun rəsmi hissəsinin sonunda Başqırdıstan Respublikası və ASK, AZPROMO və Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu ilə ikitərəfli əməkdaşlıq razılaşmaları imzalanıb.

Daha sonra isə Rusiya nümayəndə heyətinin üzvləri yerli sahibkarlarla təkbətək görüşlər keçirdilər. ASK Biznes Konsaltinqin baş direktoru Ramiz Vəliyev müəyyən məsələlər barədə məlumat verdi. Əsasən kənd təssərüfatı texnikasının alışı, neft qaz avadanlığı, avtobusların, beton qarışdıran maşınların idxalı, veterinar dərman preparatlarının alışı, humanitar sahə üzrə biznes tərəfdaşlığı müzkirə olundu, müəyyən sövdələşmələr əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə