Aydın Hüseynov: “Azərbaycanın dollardan imtina etməsi real deyil” Açıqlama

Aydın Hüseynov: “Azərbaycanın dollardan imtina etməsi real deyil” Açıqlama

"Artıq Azərbaycan manatı bir valyuta olaraq özünü təsdiq etmişdir və 10 ildən artıqdır ki, Azərbaycan manatı öz dönərliyini və möhkəmliyini qoruyub saxlayır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Avropaya inteqrasiya etdiyimiz bir vaxtda Azərbaycanın dollardan imtina etməsi real məsələ deyil: "Bu ilk növbədə ölkədə aparılan pul kredit siyasətinin düzgün qurulmasından irəli gəlir. Eyni zamanda digər valyutalarla münasibətdə işlərin strateji baxımdan düzgün tənzimlənməsinin təzahürüdür. Biz artıq Avropaya inteqrasiya edirik. Bizim Avropa və digər dünya ölkələri ilə əlaqələrimiz get–gedə daha da artır. Bir faktı da biz qəbul etməliyik ki, dollar bu gün dünya bazarında eləcə də, dövlətlər arasındakı ticarətdə əsas rolu oynayan valyutadır. Ona görə də, Azərbaycan manatının məkanı daha da genişlənir. Azərbaycanın dollardan imtina etməsi real deyil. Çünkü biz öz işlərimizi həm Avropa ölkələri ilə, həm də digər ölkələrlə iqtisadi münasibətlərimizi gözəl şəkildə tənzimləmişik. Bunun nəticəsində də hal-hazırda dollarla aparılan ticarət mübadilələrimiz bizim üçün sərfəlidir. Ona görə də, dollardan imtina etməyimiz və yaxud da digər valyutalara üstünlük verməyimiz bu gün bizim üçün sərfəli deyil".

Hazırda Azərbaycanın dünyada apardığı iqtisadi siyasətdə dolların önəmli rol oynadığını deyən Aydın Hüseynov bu valyutadan istifadənin hələ ki, sərfəli olduğunu qeyd edib: "Bizim hazırdaki iqtisadi münasibətlərimiz və digər ölkələrlə ticarət dövriyyəmiz dollarla həyata keçirilməsi, bizim işlərimizə mane olmur. Buna görə də, yenidən digər addımların atılması bizə vaxt itkisi olar. Həm də ki, indiki mövcud durumumuz bizim üçün çox sərfəlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə