Yanuş Pexoçinski: “Bu, Azərbaycanın üstünlüyüdür” Açıqlama
"Azərbaycan-Polşa əlaqələrinin inkişafına mühüm təsir göstərən məqamlardan biri özəl sektor üzrə iş adamları arasında qurulan əməkdaşlıqdır. İki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi ilə müşayiət olunan biznes əlaqələrinin inkişafı üçün böyük iqtisadi potensial və zəngin hüquqi-normativ baza mövcuddur". SİA-nın məlumatına görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski çıxışı zamanı deyib. O, ikitərəfli keçirilən toplantıların ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcəyini ifadə edib: "Tez-tez keçirilən ikitərəfli və beynəlxalq iqtisadi forumlar iki ölkənin iş adamlarının yeni əməkdaşlıq əlaqələri qurmalarına, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinə böyük töhfə kimi qiymətləndirilə bilər".
Nazir, iki ölkə arasında energetika və kimya sektorlarında birgə fəaliyyətdən danışıb: "Xüsusən də, energetika və kimya sektorlarında fəaliyyət göstərən Polşa firmaları Azərbaycana təkcə xammal ixracatçısı kimi baxmırlar, onlar bu əməkdaşlığı genişləndirmək, sərmayə qoyuluşunu yeni səviyyəyə çatdırmaq, xammalın emalında iştirak etmək istəyirlər. Təsadüfi deyil ki, son bir ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq 153 milyon ABŞ dollarına çatıb. Polşadan Azərbaycana ixracın həcmi 8,6 faiz artaraq 130 milyon dollara, Azərbaycandan Polşaya idxalın həcmi isə 4,5 faiz artaraq 20 milyon dollara yüksəlib. Biz istərdik ki, Azərbaycan malları Avropaya Polşa ərazisindən keçməklə daşınsın".
Yanuş Pexoçinski Azərbaycanla Polşa arasında digər sahələrdə də əməkdaşlığın perspektivlərindən danışarkən, dəmir yolundan istifadəyə də toxunub: "Biz energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin qorunması, bank və maliyyə işi, turizm, gənclərin mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək istəyirik. Bilirik ki, bu gün Azərbaycan böyük bir tikinti meydançasını xatırladır. İnfrastruktur obyektləri, dəmir yolları təzələnir. Biz Azərbaycan vasitəsilə Fars körfəzi ölkələri ilə birbaşa əlaqə yaratmaq üçün Azərbaycan dəmir yolunu İran dəmir yolları ilə birləşdirmək istəyirik. Azərbaycan, Qazaxıstan və Ukrayna dəmir yollarını Avropa ilə birləşdirmək yaxşı olardı. Polşadan Çinə hər həftə iki qatar yola düşür. Dəmir yol nəqliyyatının böyük gələcəyi var".
Ölkələrimi arasında turizmin qarşılıqlı inkişaf etdirilməsindən danışan nazir bunun üçün böyük imkanlar olduğunu vurğulayıb: "Bizdə beynəlxalq turizm çox yüksək səviyyədədir. Polyaklar istirahət etmək üçün ölkə hüdudlarından uzaqlara gedirlər. Asiya onlar üçün cəlbedici regiona çevrilir. Polyaklar Qafqazda da olmaq istəyirlər. Azərbaycan qonaqpərvər, siyasi baxımdan sabit və təhlükəsiz ölkədir. Sizin qonşularınız haqqında bunu demək olmaz. Bu, Azərbaycanın üstünlüyüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB