Azərbaycan-Polşa biznes forumu keçirilib Yenilənib - Video

Azərbaycan-Polşa biznes forumu keçirilib Yenilənib - Video

Bu gün Bakı Biznes Mərkəzində Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Polşa Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, İKT, sənaye, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən energetika naziri Natiq Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib: "Son illərdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda yaradılan sənaye parklarında Polşa şirkətlərinin uğurlu təcrübəsi əhəmiyyətli ola bilər. İki ölkə arasında energetika, işlənmiş yağların emalı, tikinti, nəqliyyat, qida sənayesi və s. sahələrdə geniş əməkdaşlıq imkanları mövcuddur. Bugünkü biznes forum da iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir".

Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Polşanın iqtisadiyyatı barədə məlumat verib. Polşalı nazir iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib: "Belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcək. Hazırda 550 Polşa şirkəti Azərbaycanla əməkdaşlıq edir".

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Polşa ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib və Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış edib.

Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin (PAIiIZ) idarə heyətinin sədri Slavomir Mayman Agentliyin fəaliyyəti barədə, Polşanın investisiya mühiti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda Polşanın Dövlət İnkişaf Bankının Xarici Ticarətin Dəstəklənməsi Departamentinin eksperti Karol Rozenberq və "MPromotion" Agentliyinin eksperti Katarzina Baranovskan təqdimatlarla çıxış edib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə