Millət vəkili: “Ciddi problem var, bütün bunlardan yeganə çıxış yolu...” Açıqlama

Millət vəkili: “Ciddi problem var, bütün bunlardan yeganə çıxış yolu...” Açıqlama

"Cənab prezidentimiz rayonlarda sənayə məhəllələrinin yaradılması ilə əlaqədar olaraq sərəncam vermişdir. Bu da əsasən 2014-cü ilin sənaye ili elan olunması ilə bağlı olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

O, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində görülən işlərdən danışıb: "Ümumiyyətlə rayonlarda iş yerlərinin açılması və rayonlardan işə görə əhalinin şəhərə üz tutmasının qarşısının alınması üçün sənaye məhəllələrinin yaradılmasına çox böyük ehtiyac var. Sənaye məhəllələrinin, kiçik sənayə şəhərciklərinin yaradılması üçün zərurəti məhz bundan irəli gəlir. Sənayə məhəllələri belədir ki, dövlət orada bütün infrastruktur layihələrini yerləşdirir, sonra icarəyə verir. Ümumiyyətlə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əlavə olaraq müəyyən işlər görülüb, emal sənayə sahələri yaradılıb. 50-yə yaxın sadəcə anbarlar istifadəyə verilib. Amma mən deyirəm ki, bu məsələlərə çoxdan başlamaq lazım idi. Tempi və sürəti artırmaq lazımdır. Çünkü Azərbaycanda neftin hasilatı kəskin aşağı düşür. İldə təxminən 5-6 faiz aşağı düşmə qeydə alınır. Dünya bazarında neftin qiymətində də ciddi problem var. Bütün bunlardan yeganə çıxış yolu Azərbaycanda sənayə və kənd təsərrüfatını ciddi inkişaf etdirməkdir".

Qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayan millət vəkili qeyd etdi ki, inkişaf etdirilməsi vacib olan sektorlardan biri də kənd təsərrüfatıdır: "Bizim ixracımızın 90 faizini neft və neft məhsulları təşkil edir. Azərbaycanın imkanı var ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə ciddi məşğul olsun. Onun yetişdirilməsi ilə məşğul olaraq kənd təsərrüfatı məhsullarının ixracı artırılsın və ordan dövlət büdcəsinə əlavə valyuta gəlsin. Müəyyən qədər işlər görülüb, lakin problemlər yenə də qalmaqdadır. Mən 2011-ci ildə demişdim ki, vaxt gələcək neftin qiymətində və hasilatında problemlər olacaq. O dövrə biz hazır olmalıyıq. İndiki halda biz hələlik hazır deyilik. Müəyyən problemlər ortaya çıxır. Ona görə də, cənab prezidentin dediyi kimi qeyri-neft sektorunu daha da inkişaf etdirmək və daha çox iş görmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə