Yeni qaz kəməri “Türkiyə axını”

Yeni qaz kəməri “Türkiyə axını”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Cənub axını" layihəsinin əvəzinə Türkiyə ərazisindən keçəcək yeni qaz kəmərinin "Türkiyə axını" adlandırıla biləcəyini deyib. Vladimir Putinlə yeni "Cənub axını" layihəsini "Türkiyə axını" adlandırmağın mümkünlüyünü müzakirə etdiyini deyən Rəcəb Tayyib Ərdoğan kəmərin Rusiyadan başlayaraq Qara dənizin dibi ilə, daha sonra Türkiyə ərazisindən keçməklə Yunanıstan sərhədinə çatdırılacağını bildirib.

Ankarada neft və qaz sahəsinin strategiyası mövzusunda təşkil olunan simpoziumda Avropanın bu kəmərdən istədiyi qədər yanacaq götürə biləcəyini vurğulayan Türkiyə lideri ölkəsinin bütün region üçün enerji paylayıcısı olacağını diqqətə çatdırıb.

Bu layihənin reallaşdırılmasının və "Cənub axını"ndan imtinanın "Qazprom"un Avropa bazarında yeni iş modelinə keçid olduğunu bildirən kompaniyanın başçısı Aleksey Miller bundan sonra Avropa İttifaqı ölkələrinin qazı sərhəddən almalı olacaqlarını vurğulayıb.

Qeyd edək ki, Türkiyə "Qazprom" üçün Almaniyadan sonra ikinci böyük ixrac bazarıdır. 2013-cü ildə "Qazprom" bu ölkəyə 26,6 milyard kubmetr qaz satıb. Rusiyadan Türkiyəyə qaz Qara dənizin dibi ilə çəkilmiş "Mavi axın" və Transbalkan qaz kəməri vasitəsilə çatdırılır.

Qaz sahəsində Rusiya-Türkiyə əməkdaşlığı hələ 1984-cü ildə keçmiş SSRİ ilə bağlanmış razılaşmaya əsasən başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə