Britaniya səfiri BANM-da oldu FOTO

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində olub. BANM-dan SİA-ya verilən xəbərə görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfiri salamlayaraq, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Elmar Qasımov Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə münasibətlərin inkişafında BANM-in də rol oynadığını qeyd edib.

Rektor Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə Ali Məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimlərinin burada imtahan prosesində yaxından iştirak etdiyini bildirib. İrfan Siddiqin səfir kimi ölkəmizdə ilk görüşünü ali təhsil müəssisələri içərisində məhz Bakı Ali Neft Məktəbindən başladığını xatırladaraq, rektor E.Qasımov onu yenidən bu Ali Məktəbin tələbələri ilə görüşə dəvət edib. E.Qasımov bildirib ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və o, bu günlərdə bp-in regional prezidentinin Ali Məktəbin tələbələri ilə görüşünü məmnunluqla səfirin diqqətinə çatdırıb. O, deyib ki, bu ali təhsil ocağı gələcəkdə bp və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq. E. Qasımov BANM-də tədrisin bütünlüklə ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. O, Azərbaycan üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrin məhz BANM-i seçdiklərini bildirib. Rektor Elmar Qasımov BANM-də aparılan tədrisin və görülən işlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" devizinin icrasına yönəldiyini vurğulayıb. Hazırda dünyada ingilis dilinin artan rolundan danışaraq, o, beynəlxalq səviyyəyə qalxmaq üçün ingilis dilinin bir vasitə olduğunu və təhsil sahəsində də vacib amil kimi çıxış etdiyini deyib. Elmar Qasımov BANM-in British Council ilə əlaqələrindən söz açıb və bu qurumla ən sıx əməkdaşlıq edən ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan uğurlu əməkdaşlıq haqqında danışan rektor, həmçinin vurğulayıb ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Böyük Britaniya elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb etməkdədir. E.Qasımov Ali Məktəbin tikilməkdə olan, ən müasir tələblərə cavab verən kampusunun Qafqaz regionunda ən böyük kampus olduğunu və növbəti tədris ilində istifadəyə veriləcəyini bildirib.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirib. Tələbələrlə görüşə dəvət etdiyi üçün rektor Elmar Qasımova təşəkkür edən səfir öz razılığını bildirib. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb. Səfir Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin möhkəm olduğunu bildirib. İlk görüşünü BANM-də başladığını məmnunluqla xatırlayaraq, bu günlərdə BANM-in ABB şirkəti ilə əməkdaşlıqla bağlı imzalanma mərasimində iştirakını da qeyd etdi. Səfir İrfan Siddiq Ali Məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrini təqdir edərək, BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə edib. İki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində bu əməkdaşlığın digər universitetlərə nümunə olduğunu deyib. Səfir ali məktəbin gələcək inkişafında uğurlar arzulayıb. O, Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərinin də yüksək olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi "Fəxri qonaq" diplomu ilə təltif edib. Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə