Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində "Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi" layihəsi üzrə qrant müqaviləsi imzalanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov imzalayıblar.
Layihənin məqsədi Masallı rayonunda tullantıların və təkrar istifadənin davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədilə rayondan kənarda yanma kameralarını inşa etməkdir.
Təxminən 46 min nəfəri əhatə edəcək Layihə üçün Yaponiya hökuməti ümumi məbləği 101 min 551 ABŞ dolları təşkil edən qrant yardımı ayırıb.
Sənədlərin imzalanması mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, Yaponiya ilə ölkəmiz arasında əlaqələr daim inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq rayon icra hakimiyyəti başçılarından ibarət qrup bu yaxınlarda Yaponiyada səfərdə olub.
Həmin qrupun tərkibində Masallı Rayon İcra Hakimiyyəti başçısının da olduğunu vurğulayan R. Hüseynov səfər zamanı Yaponiyada idarəetmə və şəhər təsərrüfatı ilə yaxından tanış olduqlarını bildirib.
R. Hüseynov ölkəmizdə, o cümlədən Masallıda yerli əhəmiyyətli sosial layihələrin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi mərasimdə çıxış edərək Azərbaycanla Yaponiya arasında dostluq əlaqələrinin, əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, Masallının gözəl təbiətə malik olduğunu, layihənin icrası başa çatdıqdan sonra yenə də bu məkana gəlmək arzusunda olduğunu bildirib.
Qeyd olunub ki, 2013-cü ildə "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində Masallı rayonunda iki qrant layihəsi həyata keçirilib.
Mərasim başa çatdıqdan sonra səfir Tsuquo Takahaşi Heydər Əliyev Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olub, Mərkəzin fəxri kitabına ürək sözlərini yazıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB