Pərviz Musayev: “Ermənilər özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər” VİDEO
Bu gün Bakıda "Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə beynəlxalq seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib ki, bu layihənin həyata keçirilməsi Cənubi Qafqaz ölkələri və Azərbaycan üçün çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında imzalanan readmissiya məsələləri üzrə Sazişə əsasən Dövlət Miqrasiya Xidməti səlahiyyətli qurum kimi müəyyənləşdirilib: "Azərbaycanda readmissiya olunacaq əcnəbilərin saxlanması üçün iki saxlama mərkəzi var. Bu mərkəzlərdə readmissiya olunacaq şəxslərin yerləşdirilməsi üçün hər bir şərait yaradılıb. Readmissiya olunacaq şəxslərin saxlanılması ilə bağlı məsələlər isə qanunvericilikdə öz əksini tapıb".
P.Musayev deyib ki, elə Azərbaycan vətəndaşları var ki, 20 il və bundan da artıq müddətdir ki, Avropa İttifaqının müxtəlif ölkələrində yaşayırlar: "Onların bir qismi orada qanuni əsaslarla, digər qismi isə heç bir sənədləri olmadan qeyri-qanuni şəkildə yaşayırlar və həmin ölkələrin müvafiq saxlama mərkəzlərində yerləşdiriliblər. Bu adamların hüquqlarının qorunması Azərbaycan hökumətinin üzərinə düşür. İlk növbədə biz onların vətəndaşlıq mənsubiyyətlərini müəyyənləşdirəcəyik. Çünki orada yaşayanlarla keçirilən görüşlərdə məlum olur ki, həmin şəxslərin bir çoxu Azərbaycan Respublikasının vətəndaşları deyillər. Onların bir qismi Ermənistan vətəndaşlarıdır və özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər ki, onların vətəndaşlıqları müəyyənləşdirilə bilinməsin və həmin ölkələrdə daimi yaşamaq statusu alsınlar. Hesab edirəm ki, bu məsələ ciddi problemlərdən biridir. Bu məsələ bu gün Dövlət Miqrasiya Xidmətinin diqqət mərkəzindədir".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Jeroen Villems diqqətə çatdırıb ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır: "Bu gün Avropa İttifaqının 4 faiz əhalisi miqrantdır. Araşdırmalar göstərir ki, miqrasiya dövlətlərə bir çox iqtisadi üstünlüklər gətirir. Eyni zamanda ölkələr üçün miqrasiya problemləri yaradır. Hesab edirəm ki, bu məsələlərin həllində readmissiya daha çox köməyə gələ bilər".
Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə layihənin əhəmiyyətindən danışıb.
Seminar müzakirələrlə davam edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB