Mənsur Bərxudarov: “Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsir gözlənilmir” Açıqlama

Mənsur Bərxudarov: “Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsir gözlənilmir” Açıqlama

"Son 5 ildə qeyri –neft sektorunun bir çox istiqamətlərdə inkişafına artıq nail olunub və bunlar da göz qabağındadır. Artıq qeyri –neft sektorunun inkişafı nəticəsində müəyyən ixrac məhsullarından əldə edilən valyuta gəlirləri də Azərbaycanın neftdən asılılığını demək olar ki, müəyyən dərəcədə azaldıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatını təhdid etmir: "Dünya neft bazarında qiymətin aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatının gələcəyinə gəldikdə isə, ölkəni iqtisadi təhlükəsizlik baxımından, enerji və qida təhlükəsizliyi baxımından heç bir təhdid gözləmir. Ona görə ki, Azərbaycanın ən azı 53 milyard dollardan çox valyuta ehtiyatı var. Ölkənin xarici borcu, ümumidaxili məhsulunun təxminən 8 %-dir. Bu vəziyyət uzun müddət davam etsə belə, Azərbaycanın iqtisadiyyatına heç bir mənfi təsir gözlənilmir".

Ekspert Azərbaycanın qeyri- neft sektorunda Rusiya ilə əlaqələrindən də danışaraq, aqrar sahədəki əməkdaşlığın hər iki ölkəyə müsbət təsir etdiyini vurğulayıb: "Rusiyaya sanksiyaların tətbiq edilməsi Azərbaycanın aqrar məhsullarının Rus bazarlarına istiqamətləndirilməsinə səbəb olub. Azərbaycanın Rusiya bazarından gələcəkdə dinamik şəkildə valyuta gəlirləri əldə edəcəyi gözlənilir. Avropadan Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar eyni zamanda Türkiyə və Azərbaycan üçün müəyyən əlverişli şərait yaradacaq. Yəni MDB məkanı, xüsusilə Rusiya, Qazaxıstan, Belarusiya Azərbaycanın aqrar məhsulları üçün çox əlverişli bazar kimi çıxış edə bilər. Bu istiqamətdə Regionların Sosial – iqtisadi İnkişafı Proqramı çərçivəsində intensiv şəkildə işlər görülür. Çevik kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, saxlanması və daşınması üçün dövlətin xüsusi proqramları var. Bu da əminlik verir ki, Azərbaycan iqtisadiyyatına dünya bazarında neftin qiymətinin aşağı düşməsi yaxın gələcəkdə heç bir təsir etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə