Parisdə Azərbaycanın rolundan danışılıb

Parisdə Azərbaycanın rolundan danışılıb

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyi Fransanın Strateji və Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə "Azərbaycanın yeni enerji geosiyasətindəki rolu" mövzusunda beynəlxalq konfrans təşkil edib. Konfransda Paris Sorbon Universitetinin siyasi elmlər doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin məsul əməkdaşı Turab Qurbanov "Azərbaycanın enerji strategiyasının siyasi-diplomatik təzahürləri" mövzusunda çıxış edib.

T.Qurbanov çıxışında "Əsrin müqaviləsi"nin imzalandığı ərəfədə Azərbaycanda mövcud olan daxili ictimai-siyasi vəziyyət barədə məlumat verib, bu müqavilənin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində imzalandığını bildirib.

Prezident Administrasiyasının əməkdaşı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilmiş neft layihələri haqqında danışıb. O, Azərbaycanın neft strategiyasının siyasi motivlərini, həyata keçirilən enerji layihələrinin geosiyasi, iqtisadi, sosial aspektlərini təhlil edib, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən balanslaşdırılmış xarici siyasət kursunun regional əməkdaşlığa töhfələrindən söhbət açıb.

Həyata keçirilən irimiqyaslı layihələrin Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsirindən bəhs edən məruzəçi son 7 ildə ölkəmizdə ümumi daxili məhsulun 3 dəfədən çox artdığını, valyuta ehtiyatlarının xeyri dərəcədə çoxaldığını, yoxsulluq səviyyəsinin 5 faizə düşdüyünü, 1 milyondan artıq yeni iş yerinin açıldığını vurğulayıb.

T.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda gedən inteqrasiya proseslərinə mənfi təsir etdiyini bildirib, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, həmin torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyini, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Bu ərazilərdə tarixi-mədəni abidələrin, məscidlərin dağıdıldığı, məzarlıqların təhqir olunduğu, dünya sivilizasiyasının nadir incilərinin yer üzündən silindiyi qeyd edilib. Rəsmi Yerevanın danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişənin indiyədək həll edilmədiyi bildirilib. T.Qurbanov Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını, ölkəmizin ərazi bütövlüyünün dünya ictimaiyyəti tərəfindən tanındığını bildirib, problemin yalnız beynəlxalq hüququn prinsipləri çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb.

İştirakçıların suallarını cavablandıran Prezident Administrasiyasının əməkdaşı Azərbaycanın enerji resurslarının ixracının şaxələndirilməsində mühüm rol oynadığını, Avropanın enerji təhlükəsizliyinin təmininə mühüm töhfə verdiyini deyib. Ölkəmizin Qərb dövlətləri ilə əməkdaşlığının təkcə enerji sahəsi ilə məhdudlaşmadığı, beynəlxalq təhlükəsizliyin təmini və digər sahələrdə də fəal rol oynadığı vurğulanıb. Bütün bunlara baxmayaraq Azərbaycanın Qərbin ikili standartları ilə üzləşməsinin təəssüf doğurduğu qeyd edilib.

Tədbirdə Fransanın dövlət rəsmiləri, Avropanın elm ocaqlarının tanınmış alimləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri də çıxış ediblər.

Əsgər Əliyev, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə