Vüqar Bayramov: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyəcək" Açıqlama

Vüqar Bayramov: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyəcək" Açıqlama

"OPEC"in hasilatın azaldılması ilə bağlı qərarından sonra, neftin qiymətinin aşağı düşəcəyi proqnozlaşdırılırdı. Amma Azərbaycan az sayda neft ölkələrindən biridir ki, praktiki olaraq neftin qiymətinin kiçik səviyyədə aşağı düşməsindən sığortalanıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanın apardığı uğurlu iqtisadi siyasət nəticəsində neftin dünya bazarındakı qiymətinin düşməsinin ölkəyə təsiri olmayacaq: "Neftin qiyməti cüzi dərəcədə aşağı düşsə belə, dövlət büdcəsi öz gəlirlərinin bir hissəsini qoruyub saxlamaq imkanına malikdir. Azərbaycanın xarici borcunun ümumidaxili məhsuldakı çəkisi 8 faizdir. Ölkənin xarici kreditləri borclarından 8 dəfə çoxdur. Bu o deməkdir ki, neftin qiymətinin cüzi dərəcədə aşağı düşməsinə baxmayaraq, Azərbaycan neft ixracatçısı ölkəsi olaraq və dəyər ifadəsinin azalmasına baxmayaraq, neftin dünya bazarındakı qiymət düşməsindən mənfi təsirə məruz qalmayacaq. Azərbaycanın mövcud gəlirləri, xüsusən dövlət kreditlərinin artım tempi ilə inkişaf etməsi Azərbaycan iqtisadiyyatını uzunmüddətli neftin qiymətinin aşağı düşməsindən sığortalayacaq".

Ekspert açıqlaması zamanı qaz layihələrinə də toxunub: "Azərbaycanda neft sektoru ilə yanaşı və mavi qazın hasilatı və ixracatı da artmaqdadır. Azərbaycanın həyata keçirdiyi TAP, TANAP, "Şahdəniz 2" layihələri çərçivəsində artıq ölkəmiz 3 ildən sonra dünya bazarına iri həcmdə mavi qaz çıxaracaq. Bu da imkan verəcək ki, Azərbaycan ixracatın şaxələnməsinə nail ola bilsin. Bu baxımdan ümumidaxili məhsulun, eləcə də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə nail olunacaq. Ölkəmizdə neftin qiymətinin təsirləri artıq marjinallaşıb. Birmənalı şəkildə mövcud rezerv olunmuş məbləğ və Azərbaycanın xarici borc asılılığının olmaması ölkəmizə imkan verəcək ki, neftin qiymətinin təsiri ilə iqtisadiyyatın gücü aşağı düşməsin. Eyni zamanda proqnozlaşdırılan hər hansı qlobal vəya regional böhranların təsirlərini minimuma endirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə