Komitə sədri: “Daşınmaz əmlakın qeydiyyatı tam elektron fəaliyyət göstərəcək” Açıqlama
"Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən qeydiyyat sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində, ölkədə daşınmaz əmlak sisteminin avtomatlaşdırılması ilə bağlı bir sıra işlər görülür". SİA-nın məlumatına görə, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində bu gün "BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti" mövzusunda keçirilən beynəlxalq tədbirdə ƏMDK-nin sədri Kərəm Həsənov jurnalistlərə açıqlaması zamanı deyib.
O, daşınmaz əmlakın elektron formatda qeydiyyatının həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü ifadə edib: "Bu işlər yaxın vaxtlarda başa çatacaq. Beləliklə, Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyatı sistemi tam elektron formada fəaliyyət göstərəcək. Bu da vətəndaşlara elektron formatda xidmət göstərilməsi üçün hazırlanıb. Əsas məqsəd isə məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsindən, qeydiyyat sistemində şəffaflığın artırılmasından ibarətdir".
Komitə sədri açıqlamasında vurğulayıb ki, bu məqsədlə Azərbaycanda İnformasiya Sistemləri (İT) mərkəzinin tikintisi davam etdirilir: "Avtomatlaşdırılmış İnformasiya Sistemi bazası da bu mərkəzdə qurulması prosesi gedir. Gələn il bu mərkəzin tikintisini başa çatdıracağıq. Ölkədə mövcud olan daşınmaz əmlakla bağlı bütün işlər bu mərkəzdə olacaq. Hətta əmlaklarla bağlı bütün məlumatlar canlı olaraq bu bazada toplanacaq".
Kərəm Həsənov İnformasiya Sistemi bazasının təkcə Bakıda deyil, Şamaxıda da tikildiyini qeyd edib: "Bu tikinti işləri də gələn il başa çatacaq. Yaxın zamanlarda daşınmaz əmlakın idarəetmə sisteminin bütün ölkədə qurulmasına başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB