Heydər Əsədov iranlı nazirlə görüşdü FOTO

Heydər Əsədov iranlı nazirlə görüşdü FOTO

Bu gün nazir Heydər Əsədov İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi ərzaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov ölkə başçılarının son görüşlərini xatırlayaraq bunun bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daha da genişlənməsinə öz töhvəsini verəcəyini bildirib. Nazir Azərbaycanın İranla tarixən qonşu ölkələr olduğunu, ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini və Kənd Təsərrüfatı Nazirliyi olaraq İranla kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına maraqlı olduğunu qonağın diqqətinə çatdırıb.

Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında baytarlıq və fitosanitar sahələrində müqavilələrin imzalanması, iki ölkənin qonşu əyalətləri arasında, xüsusilə də aqrar sənaye, kənd təssərüfatı sahəsində prioritet istiqamətlərə və məhsullara dair məlumat mübadiləsi, Azərbaycanda müştərək müəssisələrin yaradılması, kartof istehsalı, zəfəran bitkisi istehsalı sahəsində İran təcrübəsinin öyrənilməsi, İrandan mineral gübrələrin və baytarlıq preparatlarının alınması imkanlarının araşdırılması, İran istehsalı olan texniki avadanlıqlar barədə məlumatların əldə olunması, işçi quruplarının yaradılması, iş adamları arasında əlaqələrin intensivləşməsi kimi təklifləri qonağın diqqətinə çatdırıb.

Məhəmmədrza Nemətzadə səmimi qəbula görə təşəkkür edərək İranla Azərbaycan arasında digər sahələrdə olduğu kimi ərzaq və kənd təsərrüfatı sahəsində də qarşılıqlı əlaqələrin daha da genişlənməsinə önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirmiş və nazir Heydər Əsədovu İrana səfərə dəvət edib.

Görüşdə İran İslam Respublikasınn Azərbaycan Respublikasındakı Səfiri Möhsün Pakayin və biznes nümayəndə heyəti də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə