Aydın Hüseynov: "Azərbaycan dövləti hər bir vətəndaşına sahib çıxır" AÇIQLAMA
"Rusiyaya qarşı Qərbin tədbiq etdiyi sanksiyalar təbii ki, rublun dəyərinin və ölkənin iqtisadiyyatının aşağı düşməsinə zəmin yaradır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər üzrə komissiyasının sədr müavini, partiyanı Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. Aydın Hüseynovun fikrincə, bu amilin özü də Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərir: "Əlbəttə ki, oraya iş dalınca gedən azərbaycanlılar da həmin mühitdə qala bilməzlər. Çünki sanksiyalar səbəbindən bir çox iş yerləri bağlanır, işsizlik kütləviləşməyə başlayır. Ona görə də vaxtilə oraya işləməyə gedən soydaşlarımız indi bu mühitdən çıxmaqdan ötrü geri dönməyə məcbur olurlar".
YAP rəsmisi onu da bildirib ki, Azərbaycanın güclü iqtisadiyyatı, davamlı büdcəsi mövcuddur və geri dönən vətəndaşlarımız bu amildən yararlanaraq, işlə təmin olunacaqlar: "Digər tərəfdən, Azərbaycan dövləti hər bir vətəndaşına sahib çıxır. Çünki dövlətin büdcəsi müəyyənləşdirilərkən, yəni adambaşına xərclənən vəsaitlərdə hər bir vətəndaş nəzərə alınır. Sadə bir misal deyim. Əgər ailədə on nəfər adam varsa və onların bir neçəsi ailədən kənar yaşayırsa, bu o demək deyil ki, həmin ailənin büdcəsindən kənarda qalırlar. Bu baxımdan, Azərbaycanda adambaşına hesablanan xərclərdə hər bir vətəndaş nəzərə alınmaqdadır. Bu, dövlətin öz vətəndaşına sahib çıxmasını sübut edən əhəmiyyətli faktordur".
Aydın Hüseynov Rusiya iqtisadiyyatının aşağı düşməsinin Azərbaycana heç bir təsir etməyəcəyini də vurğulayıb: "Bu gün Azərbaycanda oturaqlı, stabil iqtisadiyyat mövcuddur. Açılan yeni iş yerləri, qoyulan sərmayələr təbii ki, iqtisadiyyatın güclü olmasından xəbər verir. O cümlədən, Azərbaycan bu gün xarici ölkələrə ən çox invenstisiya qoyan ölkələrdən biridir. Bu baxımdan, ölkəsinə dönən soydaşlarımız burada özlərini işlə də təmin edəcəklər, həyat səviyyələrini daha da yaxşılaşdıracaqlar. Daha bir məqam da budur ki, bu gün Azərbaycana xarici ölkələrdən gələn vətəndaşlar burada özlərinə iş tapırlar. Bu məqamın özü də sübut edir ki, Azərbaycan istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə iqtisadiyyatı güclü və sabil olan lider ölkələrdəndir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB