Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk olaraq çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu çatdırıb. Çıxışı zamanı nazir bildirib ki, konfransa 21 ölkədən 300-dən çox iştirakçı qatılıb.
O, həmçinin qeyd edib ki, bu konfrans biznes əlaqələrinin genişlənməsinə, sənayenin daha da inkişaf etdirilməsinə, qarşılıqlı dialoqların qurulmasına öz töhfələrini verəcək.
BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi konfrans iştirakçılarını salamlayara, BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi Li Yongun video müraciətini iştirakçılara təqdim edib. Li Yong bu konfransın mühüm platforma rolu oynayacağına, dayanaqlı sənayenin inkişafına təkan verəcəyinə, yeni əməkdaşlıqların yaranmasına və möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk çıxışı zamanı Azərbaycanın son illərdə böyük uğurlar əldə etdiyini və ölkə iqtisadiyyatının daha yüksək inkişafa doğru irəlilədiyini bildirib. BMT-nin rəsmisi konfransın gələcəkdə davam etdiriləcək əlaqələrə töhfə verəcəyini vurğulayaraq, konfransın sənaye strategiyasının uğurla həyata keçirilməsinə, məhsuldarlığın artmasına, insan kapitalının inkişafına kömək edəcəyini qeyd edib.
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel çıxışında Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirildiyindən, keçirilən konfransın əlaqələrin genişlənməsində böyük rol oynayacağından və beynəlxalq miqyasda təcrübə mübadiləsinin aparılmasına səbəb olacağından danışıb.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi imzalayıb.
Konfrans öz işini Panel sessiyalarla davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB