OPEC neftin ucuzlaşmasından narahatdır

OPEC neftin ucuzlaşmasından narahatdır

OPEC üzvlərinin əksəriyyəti neftin qiymətinin getdikcə ucuzlaşmasından narahatlıq keçirir. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Amerikanın Platts agentliyinin direktoru Con Kinqston məlumat verib.

Onun dediyinə görə, OPEC noyabrın 27-də Vyanada neft hasilatının azaldılmasına qərar versə, bu qiymətlərin ucuzlaşmasının qarşısını almaq məqsədi ilə ediləcək. Əks təqdirdə ixracatçı dövlətlər arasında "qara qızıl"ın satışı uğrunda gərgin mübarizə başlayacaq və bu halda qiymətlərin nə qədər ucuzlaşmasını demək çətin olacaq. Neft artıq bu ilin iyun ayından bəri 30 faiz ucuzlaşıb.

OPEC-in əvvəllər də tələbatın azalmasına cavab olaraq hasilat kvotasını xeyli aşağı saldığı məlumdur. Buna misal kimi 2008-ci il maliyyə böhranını göstərən Platts agentliyinin nümayəndəsi builki vəziyyətin unikal olduğunu, hazırkı mübarizənin bazardakı pay üstündə aparıldığını da qeyd edib.

Qeyd edək ki, Platts enerji daşıyıcıları və metal bazarı haqda dünya informasiya agentliyidir.AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə