İlkin ödəniş bank tərəfindən ödənilir AÇIQLAMA

İlkin ödəniş bank tərəfindən ödənilir AÇIQLAMA

"Alman modelinin tətbiqi ipoteka kreditləşməsində əmanət banklarının yaradılmasını özündə ehtiva edir. Əsas məqsəd ondan ibarətdir ki, əmanəti olan vətəndaş öz əmanətini kommersiya bankına qoyur və bundan sonra o əmanətin hesablanmış faizləri əsasında ipoteka ilə mənzil əldə etmək imkanı qazanır. Yəni vətəndaşın əmanəti qorunub saxlanılmaqla hesablanmış faizlər hesabına əmanət sahibi mənzil alır və həmin əmanət faizləri götürülmüş kreditin ödənilməsinə yönəlir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu model ilkin ödəniş zamanı yaranan problemləri də aradan qaldırmağa yardımçı olacaq: "Nəzərə alsaq ki, bu gün ilkin ödənişin həyata keçirilməsi bəzi gənc ailələr üçün müəyyən çətinliklər yaradır. Alman modelində ilkin ödəniş bank tərəfindən ödənilir. Bu modelin tətbiqi ilə həmçinin, ipoteka kreditləşməsində daxili maliyyələşmənin də rolu artacaq".

İqtisadçı tikinti banklarının yaradılmasına da münasibət bildirib: "Əmanət tikinti banklarının yaradılması bank sektorunda yeni bir mərhələdir. Bu banklar dövlət bankları deyil. İpoteka kreditlərinin verilməsi ilə ixtisaslaşmış kommersiya banklarıdır. Onlar əmlak bazarına daxil olmaq imkanları da əldə edəcəklər. Sözügedən bankların üstünlüyü ondan ibarətdir ki, bank sektorunda vətəndaşlar üçün yeni maliyyə mənbələrinin formalaşmasına, onların daha az xərclə ipoteka kreditlərindən istifadə etməsinə şərait yaranacaq. Bu banklar inşaat sektoruna da öz təsirini göstərəcək. Mənzillərə tələbat artacaq ki, bununla da tikinti sektorunda canlanmanın yaranacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə