Mənsur Bərxudarov: “Əsas məqsəd Avropanı özündən enerji asılılığında saxlamaqdır” Açıqlama

Mənsur Bərxudarov: “Əsas məqsəd Avropanı özündən enerji asılılığında saxlamaqdır” Açıqlama

"Bu layihələr bütöv bir layihənin ayrı –ayrı hissələridir. Burada söhbət həm "Şahdəniz 2", həm "TANAP", həm də "TAP"-dan gedir. Ümumilikdə "Transxəzər" layihəsinin tərkib hissələridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, Rusiya artıq bir neçə ildir ki, açıq şəkildə özünün geosiyasi və iqtisadi mövqeyini ortaya qoyub: "Bütövlükdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan tranzit yolu olmaqla Avropaya qazın ötürülməsindən söhbət gedir. Burada ən önəmli ölkə tranzit dövləti olaraq geostrateji mövqeyinə görə Azərbaycandır. Rusiyanın 2008-ci ildən başlayaraq geostrateji möhkəmlənib. Daha doğrusu Rusiya artıq kütləvi şəkildə öz məqsədlərini qoruyur və ortaya qoyur. Rusiyanın əsas məqsədi Avropanı özündən enerji asılılığında saxlamaqdır. Xüsusilə də qaz asılılığında saxlamaqdır. Avropanın da məqsədi Rusiya ilə özünün qaz asılılığından azaltmasıdır. Avropa da Rusiyadan qaz, enerji asılılığını azaltmaq məqsədilə cənub axını adlı layihələrinə qoşulur. Bu anlamda Avropanın enerji asılılığı, qaz asılılığı Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən gələn enerjinin Yunanıstan vasitəsilə Avropaya göndərilməsi ilə azala bilər".

Ekspert Xəzər dənizində həyata keçirilən enerji layihələrinə toxunaraq, Rusiyanın maraqlarına uyğun gəlməyən layihələrin istənilən vasitə ilə qarşısını almağa çalışacağını qeyd edib: "Bütün bunlar ümumilikdə Xəzər layihəsinin tərkib hissəsidir. Rusiyanın yaratdığı Avrasiya iqtisadi ittifaqı qərblə şərqin qarşıdurması məqamına gəlib çıxır. Rusiya əgər xarici iqtisadi doktrinasını konkret bəyan edirsə, bu kontekstdə Rusiya adıçəkilən layihənin həyata keçirilməsinə bacardıqca maneələri çox göstərəcək. Yəni bu Rusiyanın milli iqtisadi maraqları çərçivəsindədir. Digər tərəfdən isə, günümüzdə qaz layihəsinə qoşulan Avropa ölkələri və bütün digər ölkələr, o cümlədən Azərbaycan da maraqlıdır ki, bu layihələr alınsın. Cənab Prezidentimiz də həmişə bəyan edir ki, bizim inteqrasiya yönümüz Avropadır. Yəni bizim maraqlarımız Avropa İttifaqının bu günkü maraqları ilə uyğun gəlir. Amma Rusiya bu şəkildə məsələni ortaya qoyduqda şərq – qərb, Amerika - Rusiya qarşıdurması yaranarsa, əlbəttə ki bu layihələrin həyata keçirilməsində müəyyən problemlər yaşanacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə