Aydın Hüseynov: “Ermənistanı ildə 80 mindən çox vətəndaş tərk edir” Müsahibə

Aydın Hüseynov: “Ermənistanı ildə 80 mindən çox vətəndaş tərk edir” Müsahibə

Azərbaycan Azad İqtisadi Zonanın yaradılması haqqında qanun qəbul edib. Lakin qanunun qəbul edilməsinə baxmayaraq reallaşmadığı görülməkdədir. Buna mane olan səbəblər bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov SİA-ya müsahibə verib. O, Ermənistanın son illərdə dünya ticarət təşkilatlarına qoşulması istəyinə də münasibət bildirib. Müsahibəni oxucularımıza təqdim edirik:

- Azad iqtisadi zonanın yaradılması haqqında qanun qəbul olunsa da reallaşmadı. Buna mane olan səbəb nədir?

- Azad İqtisadi Zonanın yaradılması nəzərdə tutulurdu. Zonanın ən böyük keyfiyyətlərindən biri odur ki, orada bütün ticarət gömrüksüz həyata keçirilir. Bu bizim üçün çox əlverişlidir. Ancaq, elə bir məsələlər var ki, orda Azərbaycandan asılı olmayan müəyyən səbəblər var.

- Bu səbəblər hansılardır?

- İndi bildiyiniz kimi Avrasiya Gömrük İttifaqı yaradılır. Hələ onun hansı formada olacağı tam başa çatmayıb. Digər tərəfdən Avrasiya Gömrük İttifaqı ilə bağlı məsələlər, sonra isə bizim Milli Ticarət Təşkilatına üzv olmağımızla bağlı məsələlər var. Deməli burda əsas məsələ budur ki, biz birinci növbədə daxili bazarı qorumalıyıq. Əgər biz Dünya Ticarət Təşkilatına qoşuluruqsa, bizə o zaman sərf edəcək ki, bizim özümüzün də rəqabət qabiliyyətli mallarımız bazara çıxarılsın. Yəni kənardan gələn digər mallar bizim bazardakı daxili məhsullarımıza təsir etməsin. İndiki halda hər hansı bir ölkənin malları daxil olur və bizim daxili bazarımızı sıxışdırır. Deməli ölkəmiz nə vaxta kimi ki, rəqabət qabiliyyətli mallarla dünya bazarına yaxşı formada çıxacaq, bizə onda beynəlxalq ticarət təşkilatına qoşulmaq sərf edəcək. Bununla belə beynəlxalq ticarət təşkilatına qoşulmağımızı biz təkcə bu faktorla məhdudlaşdırmamalıyıq. Ölkəmizdə gələcəkdə iqtisadiyyatımızın iki dəfə artacağı artıq gözlənilir. Bu təkcə proqnoz deyil. Eyni zamanda arxasında reallıqlar da vardır. 2020-ci ilə qədər ölkə iqtisadiyyatı iki dəfə artacaq. Ümumidaxili məhsulun tərkibində qeyri–neft sektorunun payı indiki halda 57 %-dir. Sonrakı illərdə 67 % olacaq və obiri illərdə bu daha da artacaq. Qeyri–neft sektorunun inkişaf etdirilməsi istiqamətində eyni zamanda prioritet, ən başlıca istiqamət sənaye sahəsi götürülür. Artıq ölkəmizdə 2014-cü il sənaye ili elan olunub, bununla əlaqədar olaraq bir çox tədbirlər həyata keçirilib. Eyni zamanda cənab Prezidentimizin bu yaxınlardakı sərəncamı ilə sənaye məhəllələrinin yaradılması haqqında qərar qəbul olunub. Bütün bunların hamısı ona gətirib çıxardır ki, ölkəmizin iqtisadiyyatı artacaq, rəqabət qabiliyyətli mallarımızı biz dünya bazarına çıxarda biləcəyik. Öz daxili bazarımızı qoruya biləcəyik. Bütün bu faktorlar bizi qane etdikdə, ondan sonra həm Azad İqtisadi Zonanın yaradılması, həm də Ümumdünya Ticarət Təşkilatına qoşulmaq bizim üçün daha sərfəli olacaq.

- Bizim iqtisadiyyatımız güclü olmasına baxmayaraq bəzi Dünya Ticarət Təşkilatlarına qoşulmaqda tərəddüd edirik və ehtiyatla yanaşırıq. Lakin Ermənistan bütün təşkilatlara qoşulmaq istəyir. Onlar bu bərbad iqtisadiyyatı ilə nə edəcəklər?

- Ermənistanda iqtisadiyyat deyilən bir şey yoxdur. Bir ölkənin ki borcu ümumidaxili məhsulun 40%-dən yuxarıdır, bu artıq tənəzzül iqtisadiyyat sayılır. Ermənistanın borcu artıq ümumidaxili məhsulun 60 %-ni keçib. Yəni bu ən dəhşətli bir vəziyyət deməkdir. Ermənistanın dövlət büdcəsi 5 milyard dollara yaxındır. Bu da Azərbaycanın hərbi büdcəsinə bərabərdir. 5 milyard dollar vəsaitin əksəriyyəti iyanələr vasitəsilə həyata keçirilir. Bir ölkə də heç bir vaxt kənar iyanələrlə yaşaya bilməz. Ermənistanın artıq bir çox qurumlara, gömrük ittifaqlarına və hara ki sürükləyirlər ora özünü qoşması, bu ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən asılı bir ölkə olması deməkdir. Sual burada gözəl şəkildə qoyulub ki, bəs Azərbaycan bunu hansı şəkildə həyata keçirir. Azərbaycan müstəqil iqtisadi siyasət həyata keçirir və bu iqtisadi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi və daha da yaxşı yaşamasına yönəldilir. Bütün həyata keçirilən iqtisadi və siyasi tədbirlərin, addımların mahiyyətində Azərbaycan vətəndaşlarının və Azərbaycan dövlətinin maraqları durur. Ancaq Ermənistanda belə deyil. Ermənistanda dövlət maraqları dedikdə kimin yedəyində sürünür bu hamı üçün bəllidir və bunun nəticəsidir ki orada ildə 80 mindən çox vətəndaş ölkəni tərk edir. Onların əmək haqları, pensiya ilə bağlı problemləri var. Bu isə onu göstərir ki, Ermənistanın artıq iqtisadiyyatı tam iflasa gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə