Mingəçevir şəhərinin 9 ayın yekunlarına dair statistik göstəriciləri
Mingəçevir şəhər Statistika İdarəsi 2014-cü ilin 9 ayın yekunlarında görülmüş işlərlə bağlı statistik göstəriciləri açıqlayıb. Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında şəhərin sənaye sektorunda 160885,3 min manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye istehsalının 96,5 faizi məhsul istehsalının, 3,5 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda ümumi istehsalın 89,4 faizi qədər, qeyri-dövlət sektorunda isə ümumi istehsalın 10,6 faizi səviyyəsində sənaye məhsulu istehsal edilib. İstehlakçılara bütün sənaye istehsalının 99,9 faizi qədər sənaye məhsulu göndərilib.
İdarədən bildirilib ki, cari ilin 9 ayında informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 1077,5 min manatlıq xidmətlər göstərilib. Xidmətlərin 96,2 faizi dövlət rabitə müəssisələri tərəfindən həyata keçirilib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 71,5 min manat çox olmaqla 2774,1 min manatlıq xidmətlər göstərilib.
Şəhərdə bütün maliyyə mənbələri hesabına 2322,8 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 70430,2 min manat məbləğində investisiya yönəldilib. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 965,7 min manat (1,4 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 69464,5 min manat (98,6 faiz) sərmayə yatırıb. Əsas kapitala yönəldilmiş investisiyadan 66763,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
9 ay ərzində əmtəə bazarında da mühüm işlər görülüb. Pərakəndə ticarət şəbəkələrindən əhaliyə 160522,4 min manat həcmində əmtəə satılıb. Əmtəələrin 6,1 faizi hüquqi şəxslər, 25,5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar və 68,4 faizi isə şəhərin yarmarka və bazarları tərəfindən realizə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 35204,0 min manat olub. Ümumi həcmin 30,3 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilib və bu müəssisələrdə əhaliyə 10680,4 min manat həcmində pullu xidmətlər göstərilib. Əhaliyə göstərilmiş pullu xidmətlərin 27,1 faizi dövlət müəssisələrinin payına düşüb. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 25664,1 min manatlıq pullu xidmətlər göstərilib.
Şəhərdə işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal (əmək qabiliyyətli yaşda olan) əhalinin sayı 55611 nəfər olub, onların da 29129 nəfərini kişilər, 26481 nəfərini isə qadınlar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB