Əli Əlirzayev: “Reklam bazarı artıq sahibkarlıq bazarı və inkişaf deməkdir” Açıqlama

Əli Əlirzayev: “Reklam bazarı artıq sahibkarlıq bazarı və inkişaf deməkdir” Açıqlama

"Azərbaycanda reklam qanunu 1997-ci ildə qəbul olunmuşdur. Təbii ki proseslər dəyişib, indi yeni texnologiyalar meydana çıxıb. İstər istehsalda istər məhsulda, istərsə də həyat şəraitində yeni sistem formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. O, ölkənin inkişafında reklamın mühüm yerə sahib ola biləcəyini vurğulayıb. Qanunda dəyişikliklərin zəruri məsələ olduğunu ifadə edib: "Bunları reklam etmək, satmaq və bundan kommersiya marağı güdmək, ölkənin inkişafında və sosial müdafiəsində reklamın yerini müəyyən etmək lazımdır. Ona görə də, bu qanuna dəyişiklik edilməlidir. Əlbəttə ki, bu qanun var idi amma yeniliklərlə zənginləşməlidir. Ya bu qanun yenidən yazılmalıdır, ya da ki tamamilə dəyişilməlidir. Əgər qanuna yeniliklər əlavə olunubsa bunun mühüm əhəmiyyəti var".

Ekspert qeyd edib ki, artıq reklam bazarı günümüzdə sahibkarlıq fəaliyyəti olaraq inkişaf etdirilir. Reklam vasitəsilə ümumi daxili məhsulun qiyməti tənzimlənir: "Əsas məsələ ondan ibarətdir ki, reklam bazarı artıq sahibkarlıq bazarı deməkdir. Reklam bazarı ümumi daxili məhsulun və yaxud hər hansı bir məhsulun qiymətini tənzimləyir və inkişaf etdirir. Bu nə qədər təmin olunsa, iqtisadi inkişaf da bir o qədər təmin olunacaqdır. Ona görə ki, reklam məhsulun xarici bazara çıxmasına şərait yaradır, məhsulun istehlakçıya çatmasına köməklik göstərir. Reklam bazarı həm istehsalçının məhsulunu, həm də fəaliyyətini işıqlandırır".

Əli Əlirzayev reklam bazarının idarə olunmasının vacib olduğunu ifadə edib: "Reklam bazarı tənzimlənməli və idarə olunmalıdır. Bu baxımdan həm hüquqi əsaslarını, həm də onun iqtisadi əsaslarını yaratmaq lazımdır. Bu tənzimləmələr qanuna uyğun şəkildə aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə