Oqtay Əsədov: "9 ayın nəticələrinə görə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə olunub"

Oqtay Əsədov: "9 ayın nəticələrinə görə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə olunub"

"Bu ilin 9 ayının nəticələrinə görə, bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə olunub". SİA-nın məlumatına görə, bunu parlamentin bugünkü iclasında spiker Oqtay Əsədov 2015-ci ilin dövlət büdcəsi ilə bağlı danışarkən deyib.

Spiker bildirib ki, Azərbaycan son 10 ildir ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur: "Makro-iqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalın 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çox deməkdir. Önəmli məqamlardan biri də qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır".

O. Əsədov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur: "Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə