Heydər Əsədov İtaliyaya gedir

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2014-cü ilin 19-21 noyabr tarixlərində Roma şəhərində keçiriləcək İkinci Beynəlxalq Qidalanma Konfransında iştirak etmək üçün İtaliya Respublikasına səfər edəcək.Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 1992-ci ildə keçirilən birinci konfransdan sonra yüksək səviyyəli tədbir olan bu Konfrans 21-ci əsrin qlobal qidalanma problemlərinə həsr olunmuş ilk hökumətlərarası dünya forumu olacaq.

Konfrans, dünyanın bir çox ölkələrinin ərzaq, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq nazirlik və qurumlarından olan yüksək səviyyəli şəxslərlə yanaşı BMT-nin baş katibini, Roma Papasını, hökumətlərarası təşkilatların rəhbərlərini, tədqiqatçıları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Tədbirdə dünyanın 90-dək ölkəsinin kənd təsərrüfatı və səhiyyə nazirinin iştirakı planlaşdırılır.

Səfər çərçivəsində nazir Heydər Əsədovun FAO-nun baş direktoru, baş direktorun xüsusi müşaviri, İtaliya Respublikasının kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri və digər yüksək səviyyəli şəxslər ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə