Əli Abbasov: “Bu sistem MDB ölkələri arasında təkcə Azərbaycanda mövcuddur”

Əli Abbasov: “Bu sistem MDB ölkələri arasında təkcə Azərbaycanda mövcuddur”

"Mobil cihazların və mobil telefonların cihaz kodlarının qeydiyyat sistemi artıq bir neçə aydır Azərbaycanda fəaliyyət göstərir. MDB ölkələri arasında təkcə Azərbaycanda mövcud olan bu sistem Nazirlər Kabinetinin təsdiq etdiyi mobil cihazların və mobil telefonların qeydiyyat sistemi haqqında qanun çərçivəsində həyata keçirilir". SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, cihaz qeydiyyatının aparılmasının əsas məqsədi ölkədə təhlükəsizliyin qorunmasıdır: "Bu sistem beynəlxalq qlobal aləmdə, inkişaf etmiş ölkələrin əksəriyyətində yaradılmış sistemlərdir. Əsas məqsədi cinayətkarlığa qarşı mübarizə aparmaq, qeyri-qanuni mobil cihazların daşınmasının və digər neqativ hadisələrin qarşısının alınmasıdır. Bu sistemin tətbiq olunması həmçinin, qonşu ölkələrində Azərbaycanın mobil telefonlarından ölkəmizin maraqlarına qarşı istifadə olunmasına imkan verməmək üçün atılmış vacib addımdır. Mobil cihazların ölkəyə daşınması zamanı pərakəndə gətirilirsə onlar üçün qeydiyyat sistemi 5 manat, topdan satış qeydiyyat sistemi isə 20 qəpikdir. Bu yüksək qiymət sayılmır. Qonşu ölkə olan Türkiyədə bu qiymət Azərbaycan manatı ilə təxminən 40-45 manata həyata keçirilir. Ödənişli sistemin tətbiq edilməsi müəyyən istismar və investisiya xərclərinin həyata keçirilməsi üçündür".

Bütün xəbərlər Facebook səhifəmizdə