Standartların təşviqi üzrə Forum keçirilib FOTO

Standartların təşviqi üzrə Forum keçirilib FOTO

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə "İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində beynəlxalq standartların təşviqi" üzrə ikigünlük Forum öz işinə başlayıb.

Forumda çıxış edən Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, "hazırda ölkəmizdə "Elektron hökumət" quruculuğu sürətli inkişaf dövrünü yaşayır. Məhz informasiya texnologiyalarının tətbiqinin ölkə iqtisadiyyatında əhəmiyyətini nəzərə alaraq Forumun müzakirə mövzuları İSO 27000 – "İnformasiya təhlükəsizliyi", İSO 20000 – "İnformasiya texnologiyaları idarəetmə sistemləri", İSO 22301–"Proseslərin davamlılığı" standartlarının tətbiqi təcrübəsi, inteqrasiyası və üstünlükləri müəyyən edilib".

İnstitut direktoru onu da bildirib ki, Azərbaycan Respublikasında dövlət və qeyri- dövlət təşkilatlarında informasiya təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinin beynəlxalq standartların tələblərinə əsasən qurulması istiqamətində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Britaniya Standartlar İnstitutunun birgə əməkdaşlığı mühüm rol oynayır: "Foruma Britaniya Standartlar İnstitutunun mütəxəssislərinin dəvət olunması da təsadüfü deyildir. Belə ki, hazırda dünyada böyük tələbata malik İSO 27001, İSO 20000 və İSO 22301 standartlarının müəllifi məhz Britaniya Standartlar İnstitutudur. Dünyada məşhur brendlərin böyük əksəriyyətinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə sertifikatlaşdırılması da adı çəkilən qurum tərəfindən həyata keçirilir".

Beynəlxaq mütəxəssis Nikolay Aqrinskiy çıxışında Forumda müzakirə olunan beynəlxalq standartların əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə informasiya texnologiyaları və informasiya təhlükəsizliyinin əsas problemləri və bu sahədə inkişaf strategiyasının hazırlanmasını beynəlxalq standartlar olmadan təsəvvür etmək olmaz.

Sonra Britaniya Standartlar İnstitutunun nümayəndəsi Nataliya Selivyorstova informasiya texnologiyaları sahəsində beynəlxalq standartlar üzrə sertifikatlaşdırma, beynəlxalq mütəxəssis Mariya Akatyeva informasiya texnologiyaları sahəsində vahid idarəetmə sistemi, Rusiyanın "Атомпредметзолото" (ROSATOM) Uran holdinqinin informasiya təhlükəsizliyi istiqaməti üzrə rəhbər Serqey Ovçinnikov İSO 27001 standartı əsasında informasiya təhlükəsizliyi idarəedilməsi sisteminin tətbiqi mövzularında çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə