Banklar ciddi rəqiblə üzləşəcək

Azərbaycanın plastik kart bazarında banklara ciddi rəqib peyda olub. SİA-nın məlumatına görə, yaxın vaxtlarda "Elektron pul kisəsi" tətbiq olunacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və "GoldenPay" şirkəti ilə birlikdə reallaşdırılan pul kisələri ilin sonuna qədər işə düşəcək. "Elektron pul kisəsi"nin tətbiqi adi bank kartlarına ehtiyacı azalda bilər.

Layihənin ən maraqlı cəhəti odur ki, onun üçün yeni plastik kart buraxılmayacaq, sadəcə, indiyədək və bundan sonra buraxılan "elektron imza"lar həm də plastik kart kimi istifadə olunacaq. MHM-nin direktor müavini Nazim Mədətovun sözlərinə görə, bütün növ elektron imza kartının sahibləri MHM-a yaxınlaşaraq pulsuz hesab açdıra və öz hesablarına pul yatıra biləcəklər. Həmin puldan internetdə ödəniş etmək üçün istifadə oluna bilər. Nəticədə elektron kartlardan təkcə öz təyinatı üzrə yox, həm də plastik kart kimi istifadə ediləcək.

Qeyd edək ki, elektron imza kartı (yəni sonradan plastik kart kimi istifadə olunacsaq kart) 3 illik müddətə verilir, qiyməti 18 manatdır. Kart oxuyucusu almaq üçün isə əlavə 13 manat ödəmək lazımdır.

Amma adi plastik kartlardan fərqli olaraq "Elektron pul kisəsi" ilə ödəniş edərkən 16 rəqəmli nömrə, kartın istifadə müddəti və CVV kodu tələb olunmayacaq. Bunun üçün sadəcə elektron imza kartını kart oxuyucusu vasitəsilə kompüterə qoşmaq lazımdır. Lazımi məbləğ avtomatik olaraq hesabdan çıxılacaq və kart sahibinin mobil telefon nömrəsinə hesabda qalan məbləğ barədə SMS göndəriləcək. Elektron imza kartından "Elektron pul kisəsi" kimi faydalananlar buna görə heç bir xidmət haqqı ödəməyəcəklər. Pulu hesaba qoymaq üçün istifadəçilər MHM-a gəlməklə yanaşı, əmək haqqının bir qismini mühasibatlıq vasitəsilə "Elektron pul kisəsi"nə yönəldə də bilərlər.

Layihənin tərəfdaşı olan "Goldenpay" şirkəti hazırda vətəndaşlara kommunal xidmətlərin, sabit və mobil telefonların, kabel televiziyalarının, internet provayderlərinin haqqını ödəmək imkanı yaradır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi yeni layihə ölkənin plastik kart bazarında ciddi yeniliyə səbəb olacaq. Çünki bu yenilik nəticəsində bank kartlarına ciddi alternativ yaranacaq. Doğrudur, hazırda elektron imzaların sayı bank kartları ilə müqayisəyə əlmir. Belə ki, bankların indiyədək buraxdığı plastik kartların sayı bir neçə milyondur, indiyədək buraxılan "elektron imza"ların sayı isə təxminən 20 mindir.

Bununla yanaşı, "elektron imza"nın təyinatı və funksiyaları həddən artıq genişdir. Üstəlik, ölkədə elektron xidmətlərin sayı artdıqca elektron imzaya tələbat da artır və nəticədə gələcəkdə ölkə əhalisinin böyük hissəsinin elektron imza alacağı şübhə doğurmur. Belə bir vəziyyət paralel olaraq həm də plastik kartla təmin edilmiş ölkə vətəndaşlarının bankların adi plastik kartlara ehtiyacı kəskin azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə