Azər Mehdiyev: “Subsidiyaların məbləği iki dəfə artırılır” Açıqlama

Azər Mehdiyev: “Subsidiyaların məbləği iki dəfə artırılır” Açıqlama

2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunan mineral gübrələrə görə fermerlərə verilən subsidiyaların məbləği artırılıb. Bunun fermerlərin fəaliyyətinə təsiri haqda SİA-ya açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev prosesin gözlənilən olduğunu deyib.

Onun sözlərinə görə, bu kənd təsərrüfatında istifadə olunan texniki vasitələrin qiymətində artım olması ilə əlaqəlidir: "Fermerlər subsidiyalarla təmin edildikdən sonra, dəfələrlə qiymətlərin artmasına baxmayaraq, təzminatların məbləği artırılmamışdı. Təbii ki, bu vəziyyətdə fermerlər bütün xərclərini bu sahəyə yönləndirmək iqtidarında deyildi. İndiki halda subsidiyaların artırılması fermerlərin bu istiqamətdə artan xərclərini müəyyən qədər kompensasiya etmək iqtidarında olacaq və fermerlərə kifayət qədər yardım edəcək. Təbii ki, bu da fermerlərin xərclərinin azaldılması və öz işlərində gəlirin təmin edilməsi istiqamətində onlara ciddi bir yardım kimi formalaşacaq. Çünkü, fermerlərin xərclərinin əsas hissəsini yanacaq və sürtkü məhsulları təşkil edir. Buna görə də verilən subsidiyaların məbləğinin artırılması ciddi şəkildə onların xərclərinin azaldılmasına yardım etmiş olacaq.

Ekspert, subsidiya artımının hansı məhsullara tətbiq olunacağından danışarkən, bütövlükdə kompensasiyaların bütün məhsulları əhatə etdiyini ifadə etdi: "Subsidiyaların artımı əkin sahələrində buğda və taxıl üçün nəzərdə tutulur. Eyni zamanda bu subsidiyalar sürtkü məmulatlarının istifadəsində işlədilən məhsullar üçün də eyni qaydada tətbiq olunur. Təbii ki, zaman – zaman bütövlükdə əkin sahələri üçün kompensasiyadan istifadə olunur, amma sadəcə taxıl üçün bu subsidiyaların məbləği iki dəfə artırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə