Klub üzvləri İdris İsayevlə görüşüb FOTO

Klub üzvləri İdris İsayevlə görüşüb FOTO

Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev arasında görüş olub. SİA-nın xəbərinə görə, ilk olaraq çıxış edən Klubun icraçı direktoru Telman Əliyev təşkilatın gördüyü işlər, fəaliyyət prinsipləri barədə qısa məlumat verib, dövlət və özəl qurumlar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin Klubun əsas məqsədlərindən olduğunu vurğulayıb.

Daha sonra nazir müavini İdris İsayev əmək və sosial müdafiə sistemində aparılan islahatlar barədə klub üzvlərini məlumatlandırıb, bu islahatların əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinə və keyfiyyətinin yüksəlməsinə, şəffaflığın təminatına yönəldiyini vurğulayıb.

Onun sözlərinə görə, idarəçilik sisteminin, eləcə də əhaliyə xidmətin müasir prinsiplər əsasında təşkili məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas prioritetlərindən biridir: "Bu sahədə aparılan işlər uğurlu nəticələr verir. Belə ki, "Elektron hökumət" portalının statistikasına əsasən, nazirlik tərəfindən əhaliyə göstərilən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" və "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" xidmətləri ən çox istifadə olunan elektron xidmətlərdir. Bu elektron xidmətlərdən istifadə edənlərin sayının çoxluğu əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan islahat tədbirində işəgötürənlərin və işləyən əhalinin fəal iştirakını göstərir".

Nazir müavini bildirib ki, həmin xidmətlərin tətbiqinin hüquqi əsası Əmək Məcəlləsinə edilən dəyişikliklərdən irəli gəlib: "Dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-nin elektron informasiya sistemində (EİS) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin EİS-ə daxil edilən elektron sənəddir. Əmək müqaviləsi müvafiq bildiriş formasında sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

İ. İsayev yeni yaradılan bu sistemin önəmli cəhətləri barədə məlumat verərək, onun ilk növbədə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin əmək və gələcək sosial təminatı üçün hüquqi əsasın yaranmasına, əmək bazarı haqqında dolğun məlumat bazasının formalaşmasına səbəb olduğunu bildirib.

Daha sonra nazir müavini Klub üzvlərinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə