Nazir müavini: "350 mindən artıq əmək müqaviləsi EİS-ə daxil ediləcək" Açıqlama

Nazir müavini: "350 mindən artıq əmək müqaviləsi EİS-ə daxil ediləcək" Açıqlama

"Oktyabrın 20-nə olan məlumata əsasən, "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə (EİS) 1 424 160 əmək müqaviləsi bildirişi daxil edilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, bildirişlərin 87,4 %-i və ya 1 245 267 ədədi əmək müqaviləsinin bağlanması, 8,6 %-i və ya 122 024 ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 45 %-i və ya 56 869 ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir: "Daxil edilən bildirişlərin 98,7 %-i elektron imza ilə təsdiq edilib".

İ. İsayev EİS-də qeyd olunan tarixə aktiv olan bildirişlərin sayının 1 164 552 ədəd təşkil etdiyini, onların 93,8%-nin hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə olduğunu diqqətə çatdırıb: "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə sistemdə 72 481 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,2%-ini təşkil edir. Qeyd olunan tarixə 46 659 işəgötürən bildirişlərin EİS-ə daxil edilməsi üçün qeydiyyata düşüb ki, bunun da 45,4% hüquqi şəxs statusunda olan işəgötürənlər, 54,6% isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda olan işəgötürənlərdir".

Nazir müavini vurğulayıb ki, aparılan təhlillərə əsasən təxminən 350 mindən artıq əmək müqaviləsi bildirişlərinin bundan sonra sistemə daxil ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə