“2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb”

“2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb”

"Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilib və bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Yüz mindən çox yeni iş yeri açılıb, onlardan 80 mini daimi iş yerləridir". SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Ölkə rəhbərinin sözlərinə görə, proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb: "Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərib.

Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artıb. Sosial layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, – bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür".

Prezident bildirib ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılıb: "Bu il də böyük vəsait ayrılıb ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcək.

Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək. Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası - "2020 konsepsiyası" var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.

Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır".

Dövlət başçısı həmçinin qeyd edib ki, Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir: "İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir. Yəni bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş proqram idi. Həm regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları paralel şəkildə icra edilir və əminəm bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə qarşısında duran əsas infrastruktur layihələri başa çatacaq. Əlbəttə ki, bu, bizim gələcək inkişafımıza müsbət təsir göstərəcək. Ona görə ki, böyük investisiya layihələri artıq arxada qalır. Bu, imkan verəcək ki, biz büdcə vəsaitini yeni istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün daha da böyük həcmdə vəsait nəzərdə tutaq. Çünki hələ dövlət investisiya xərclərinin təbii ki, böyük hissəsi infrastruktur layihələrinə yönəlib. Su anbarları, magistral yollar, digər layihələr, dəmir yolları, o cümlədən içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı su kəməri – bu nəhəng infrastruktur layihələri böyük vəsait tələb edən layihələrdir. O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz ticarət limanı, yəni, bütün bu layihələr artıq icra edilib, ya da onların icrasına az qalıbdır. Ona görə biz növbəti illərdə büdcə xərclərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəltməliyik.

Bax, bizim konseptual yanaşmamız bundan ibarətdir. İnfrastruktur layihələri icra edilməli idi ki, şərait yaradılsın. Biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynamışdır. Sahibkarlığın inkişafına həm siyasi, həm maliyyə dəstəyi göstərilmişdir və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin edilmişdir və bu gün Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktorunun çıxışında da səsləndi ki, Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Yoxsulluğun azaldılması bilavasitə bizim iqtisadi siyasətimizlə və sosial siyasətlə bağlıdır. Mən bunu dəfələrlə demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni imkanlar açır".

Bütün xəbərlər Facebook səhifəmizdə