Şahin Mustafayev: “Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir”
Bakıda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunan "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Bakı Forumu" və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf II beynəlxalq konfransı" keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib k, 50 ildir fəliyyət göstərən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat müəssisəsidir: "1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafında da yeni dövrün əsası qoyuldu. Bütün bunlar isə institutun fəaliyyətində canlanma yaratdı, elmi-tədqiqat işlərinin sayı artmağa, səmərəliliyi isə yüksəlməyə başladı. 1977-ci ildə institutun yeni binası istifadəyə verildi, maddi-texniki bazası və kadr potensialı möhkəmləndirildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat işlərinin təşkili və idarə olunmasında, o cümlədən institutun fəaliyyətində ciddi dəyişikliklərə səbəb oldu. İnstitut keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını təmin edən elmi-tədqiqat müəssisəsi kimi İqtisadi İslahatlar Mərkəzi adı ilə yenidən formalaşdırıldı".
Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə, davamlı inkişaf mərhələsinə qədəm qoymasını təmin edib: "Təbii ki, yeni inkişaf mərhələsi iqtisadi siyasətin elmi əsaslarının işlənməsi sahəsində yeni tələblər qarşıya qoyur. Bunu nəzərə alaraq, ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində elmi əsasların işlənilməsinin gücləndirilməsi məqsədi ilə 2006-cı ildə Azərbaycan Elmi-Tədqiqat, Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzinin bazasında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradıldı. Bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in "İqtisadiyyat" jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır".
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır: "İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
Çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, "EcoMod Networking" şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlərdən və əldə edilən nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs ediblər, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndiriblər.
Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib.
Qeyd edək ki, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), "EcoMod Network" şirkətinin və "EKO" Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum-Konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə tədbirə qatılıb, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib. 3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB