ABŞ şirkətlərinin təcrübəsi öyrənilir

ABŞ şirkətlərinin təcrübəsi öyrənilir

Sentyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın "ARGUS" şirkətlər qrupunun nümayəndələri ilə "neftlə çirklənmiş torpaqların və şlamların termodesorbsiya üsulu ilə təmizlənməsi" mövzusunda görüş keçirilib.

QSC-dən bildiriblər ki, görüşdə müəssisənin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, "ARGUS" şirkətlər qrupunun beynəlxalq əməliyyatlar üzrə direktoru Alun Prokter və "ENEP ARGUS" şirkətinin icraçı direktoru Darya Cəfərli iştirak ediblər.

A.Prokter "ARGUS" şirkətinin neftlə çirklənmiş torpaqların və şlamların termodesorbsiya üsulu ilə təmizlənməsi sahəsində tanınmış bir şirkət olduğunu və bir neçə ölkədə uğurlu layihələr həyata keçirildiyini diqqətə çatdırıb, istifadə olunan texnologiyalar və qurğular haqqında elektron məlumatları təqdim edib.

Görüşdə termodesorbsiya üsulu ilə təmizlənmə prosesləri, istifadə olunan qurğunun məhsuldarlığı, texniki parametrləri, enerji sərfiyyatı və digər texniki məsələlər ətrafında müzakirələr aparılıb və maraq doğuran bir sıra məsələlərə aydınlıq gətirilib.

Sonda "ARGUS" şirkətinin təqdim etdiyi texnologiya və qurğuların QSC-nin mütəxəssisləri tərəfindən dərindən araşdırılması və qarşılıqlı əməkdaşlıq əlaqələrinin istiqamətlərinin müəyyənləşdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə