Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işləri davam edir
"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri uğurla davam etdirilir". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, tikintinin intensiv aparıldığı ümumi uzunluğu 184 km olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində həyata keçirilən işlər 4 etapda həyata keçirilir:
Birinci etap – uzunluğu 29,2 km olan Marabda-Tetritskaro hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi;
İkinci etap – uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka hissəsinin reablitasiya, rekonstruksiya və tikintisi;
Üçüncü etap – uzunluğu 74,1 km olan Tsalka –Axalkalaki hissəsinin reablitasiya, rekonstruksiya və tikintisi;
Dördüncü etap – uzunluğu 26,3 km olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsinin, uzunluğu 4,5 km olan Axalkalaki stansiyasının və uzunluğu 156 m olan Qırxbulaq körpüsünün tikintisi.
İlk üç etap "Azəryolservis" ASC ilə Gürcüstan hökumətinin müvafiq qurumu-Marabda Kartsaxi Dəmiryolu MMC arasında imzalanmış podrat müqaviləsinə əsasən "Azəryolservis" ASC tərəfindən icra olunmaqdadır. 2011-ci ildə "Azəryolservis" ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətli aparılması üçün zəruri olan struktur bölmələri yaradılmışdır. Hazırda Gürcüstanda "Azəryolservis" ASC-nin mərkəzi aparatında 29 nəfər işçi çalışır.
Artıq birinci etap üzrə tikinti işləri yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşmış, yol geyimi hazırlanıb , bina və qurğularda son tamamlanma işləri başa çatdırılıb.
İkinci etapda (Tetritskaro-Tsalka) torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanmış, əsas yol bütövlüklə yenidən qurulmuşdur. Hazırda rabitə, işarəvermə, elektrik təchizatı, elektrik əlaqə şəbəkəsi, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.
Üçüncü etapda (Tsalka-Axalkalaki) torpaq işləri, 155 ədəd süni qurğuların və körpülərin, bina və digər tikililərin tikintisi, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Hazırda qırmadaşın səpilməsi işinə başlanılıb. Son 5 ay ərzində 70 km-dən çox dəmir yolu döşənmişdir ki, bu da Gürcüstan üçün rekord nəticədir.
Dördüncü etapda (Axalkalaki-Kartsaxi) yol yatağının, körpülərin, suötürücülərin, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Kartsaxi stansiyasında əsas və stansiya daxili yollar və Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsü üzrə tikinti işləri tam bitib.
Gürcüstan və Türkiyə arasında sərhəddə tikilən tunelin ümumi uzunluğu 4450 metrdir ki, bunun da Türkiyə tərəfindən başlayaraq 2560 metr hissəsində işlər başa çatıb. Gürcüstan ərazisində olan 2070 metr tunelin 240 metri tunelin girişinə aiddir. Qalan 1830 metr tunelin 960 metri qazılmış, geri qalan 870 metrin qazıntısı sürətlə davam etdirilir.
Axalkalaki stansiyasında partlayış yolu ilə davam etdirilən torpaq işləri sona çatmaq üzrədir. Eyni zamanda, paralel olaraq stansiya ərazisində olan süni qurğuların da tikintisi davam etdirilir.
Axalkalaki stansiyasında vağzal binasının tikintisi işləri yekunlaşmışdır. Hal-hazırda binanın daxilində təmir və quraşdırma işləri aparılır. Bu işlərin cari ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.
Artıq Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb.
Layihənin icrasında Türkiyə, Gürcüstan, Azərbaycan və digər dövlətlərin şirkətləri iştirak edir. Layihə çərçivəsində ümumiyyətlə 2000 nəfərdən çox işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB