Bu gün Bakıda Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin I müavini İltimas Məmmədov nazir Əli Abbasovun İran səfərinin uğurlu nəticələr verdiyini bildirib.
Nazir müavini deyib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib.
İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran İ. Məmmədov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini deyən M. Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, özəl sektor sahəsində əlaqələrin gücləndirilməsi də ən vacib məsələlərdən biridir.
Görüşün davamında hər iki ölkənin rabitə sahəsində fəaliyyət göstərən şirkətləri ilə təqdimatla çıxış ediblər.
Qeyd edək ki, görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB