Vüqar Bayramov: “Azərbaycan, Türkiyə və Gürcüstana marağı olan ölkələr var”

Vüqar Bayramov: “Azərbaycan, Türkiyə və Gürcüstana marağı olan ölkələr var”

"Belarus-Qazaxıstan-Rusiya və Ermənistanın Gömrük İttifaqına daxil olması, Türkiyə-Azərbaycan-Gürcüstanın da birgə Gömrük İttifaqı yaratmaq ideyası ortaya qoyulub". Bunu SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyatının son zamanlar qazandığı uğurlar bu cür ittifaqın yaranmasına şübhə yaratmır: "Aydındır ki, Türkiyə ilə Azərbaycan arasında həm qardaşlıq, həm də strateji əlaqələr mövcuddur. Azərbaycan Gürcüstan iqtisadiyyatına daima sərmaye qoyur və regional layihələrdə ona hər zaman yer ayırır. Ona görə də Azərbaycan–Türkiyə-Gürcüstan arasında əməkdaşlıq artıq uzun müddətdir ki, fəaliyyət göstərir. 3 ölkəni əhatə edən Gömrük İttifaqı iqtisadi əməkdaşlıq baxımından hər 3 ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bu, strateji baxımdan da düzgün qərardır. Çünki hər 3 ölkə bir-birilərinin iqtisadi inkişafı üçün çalışırlar. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması və tikinti işlərinin başa çatması bütün bunlara imkan verir. Bu əməkdaşlıq hər 3 ölkənin iqtisadi, siyasi həyatına öz müsbət təsirini göstərəcək. Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyata malik olan ölkəsidir. İqtisadiyyatın 74%-i Azərbaycanın payına düşür. Bütün bunlar imkan verir ki, Azərbaycan öz iqtisadi potensialını qonşu və strateji baxımdan Azərbaycana yaxın olan ölkələrin inkişafına töhvə versin. Uzun müddətdir ki, ölkələr arasında 3 tərəfli danışıqlar aparılır. Onu da deyim ki, belə layihələrin həyata keçirilməsi işğalçı Ermənistanın bir daha regional layihələrdən sıxışdırılması anlamına gəlir".

V. Bayramov həmçinin bu ideyanın reallaşacağı təqdirdə digər dövlətlərin də bu ittifaqa qoşulacağını bildirib: "Sözsüz ki, Azərbaycan-Türkiyə və Gürcüstana marağı olan ölkələr var. Buna görə də sözügedən ittifaqa qoşulmaq istəyənlər də çox olacaq. Nəzərə alsaq ki, Ermənistan Gömrük İttifaqına hətta Rusiyanın sənədləri olmaya-olmaya qoşulub. Bu baxımdan gələcəkdə Azərbaycan, Türkiyə, Gürcüstan yaxınlaşması və digər dövlətlərin də bu 3 ölkə ilə addımlaması Gömrük İttifaqının yaranmasına zəmin yarada bilər. Düşünürəm ki, regionda və qitədə iqtisadiyyatın inkişafı, sülhün olması digər dövlətlərin də diqqətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə