Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti insan resursları sahəsində işçi qüvvəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıblar. SİA-nın məlumatına görə, Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlıq haqqında sazişi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və "BP-Azerbaijan"ın rabitə, xarici əlaqələr və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov imzalayıblar. Memorandumu isə X.Məmmədov və "BP-Azerbaijan"ın kadrlar üzrə vitse-prezidenti Leyla Novruzova imzalayıblar.
İmzalanmış sənədlər neft-qaz sektorunda ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların milliləşdirilməsi sahəsində tərəflər arasında əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək. Birinci sənədə əsasən, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustanda yaşayan yüz azərbaycanlı gəncə təhsil verməyi öz üzərinə götürüb. Onların 1 illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödəniləcək. Bu sənəd, həmçinin ixtisaslı işçi kadrların hazırlanmasına öz töhfəsini verəcək.
İmzalanmış memorandum ölkənin əmək resurslarının rasional istifadəsi məqsədilə birgə fəaliyyətin tənzimlənməsi üçün etibarlı əsas yaradır. Bu sənəd ARDNŞ və BP-yə tələbat olan ixtisaslar üzrə milli kadrlar bazasını yaratmağa və bu bazadan rasional istifadə etməyə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə