Nəsimi Paşayev: "Kənarda işləyən hər hansı bir şəxs “Bakı Metropoliteni”ndə mühüm postu tuta bilməz" Müsahibə

Nəsimi Paşayev: "Kənarda işləyən hər hansı bir şəxs “Bakı Metropoliteni”ndə mühüm postu tuta bilməz" Müsahibə

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin SİA-ya müsahibəsi:

- Yay mövsümündə insanların ən çox şikayət etdiyi problem vaqonlarda kondisionerin olmamasıdır. "Bakı Metropoliteni" mövcud problemlə bağlı hansı addımları atmağı planlaşdırır?

- "Bakı Metropoliteni"nin mövcud stansiyalarındakı qatarlarda kondisionerlərdən istifadə etmək mümkün deyil. Çünki həmin vaqonların özündə kondisioner sistemi yoxdur. Eyni zamanda həmin vaqonlara kondisioner alınıb quraşdırılması da effektli deyil. Buna səbəb də lazımi texniki parametrlərin olmamasıdır. Nəzərdə tutmuşuq ki, yeni açılan stansiyalarda kondisionerli vaqonlardan istifadə edilsin. Elə buna görə də Fransanın "Alstom Transport SA" şirkəti ilə müqavilə imzalanıb. İmzalanan müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub. İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal" və "Memar Əcəmi-2" (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək.

Həmçinin köhnə xətlərdə də bu vaqonlardan istifadə edilməsi nəzərdə tutulub. Lakin həmin vaqonlar üçün tunellərlə yanaşı, xətlər də bu prosesə uyğunlaşdırılmalıdır. Ancaq bundan sonra bütün "Bakı Metropoliteni"ndə kondisionerli vaqonlardan istifadə etmək mümkün olacaq. O ki qaldı havasızlıq məsələsinə, bunun üzərində işləyirik. Yəqin ki, platformada havalandırma prosesindən heç kimin şikayəti yoxdur. Əsas çətinlik tunellərdə və vaqonlarda olarkən yaranır. Bununla bağlı artıq fikir mübadiləsi aparılır. Buna görə də ventilyasiya sisteminin daha müasir formada quraşdırılması üçün işlər görülür. Hazırda ventilyasiya sistemi mövcuddur və işlək vəziyyətdədir. Görünür, bəzən bu yetərli olmur.

- Nədənsə insanlar bu ilin yayında havasızlıqdan şikayət edirlər...

- Əslində "Bakı Metropoliteni"ndə indiyə qədər kondisionerli vaqonlar olmayıb. Çünki elə o vaxtdan zavod vaqonları istehsal edən zaman bu məsələyə fikir verilməyib. Sadəcə bir müddət əvvəl ölkəyə sınaq üçün vaqonlar gətirilmişdi, ancaq onlar da effektli olmadığını büruzə verdi. Ona görə də bir müddətdən sonra həmin vaqonlar geri qaytarıldı. Havasızlıq ən çox sərnişin sıxlığının artması ilə bağlıdır. Belə ki, qatarlardan qış aylarında 700 minə yaxın sərnişin istifadə edirsə, bu rəqəm yayda nisbətən az, yəni 400-450 minə yaxın olur. Təbii ki, bu da ötən illərə nisbətən böyük göstəricidir, yəni burada artım müşahidə olunur. Normalda tunel və vaqonlarda havanın temperaturu çöldəkindən isti deyil. Bilirsiniz ki, yay aylarında Bakıda 40-45 dərəcəyə yaxın isti olur. Metrodakı ventilyasiya sistemi elə qurulub ki, çöldəki hava ilə içəridəki hava sirkulyasiya edilir. Qəbul edilmiş qayda var ki, çöldə hava 35 dərəcəni keçərsə, onda çöldən içəriyə hava vurulması dayandırılır. Bu da təbiidir. Çünki 45 dərəcə istinin tunellərə vurulmasının heç bir mənası yoxdur.

- Bu il hansı yeni stansiyalar istifadəyə veriləcək?

- Hazırda 23 stansiya və 2 xətt (yaşıl və qırmızı) mövcuddur. "Bakı Metropoliteni"nin konseptual inkişaf sxemində 76 stansiyanın olması nəzərdə tutulub və hər birinin də 5 ayrı xətti olacaq. Hazırda isə həmin xətlərdən bənövşəyi, mavi və sarısının tikilməsi planları var. Hazırda bənövşəyi xəttin tikintisini həyata keçiririk. Həmin xətlərin ilk stansiyası "Avtovağzal" və "Memar Əcəmi- 2" olacaq. Bundan sonra xətlərin davamı olaraq "Papanin" adlandırdığımız və şərti adı "b3" olan stansiyamız tikilir. Ardınca Heydər Əliyev adına idman konsert kompleksinin arxasında şərti adı "b4" olan növbəti stansiyamız tikilir. Təbii ki, bu xətt Qaraçuxur qəsəbəsinə qədər uzanır. Ümumilikdə bənövşəyi xətdə 12 stansiya olacaq. Sarı xətt isə Binəqədidən başlayaraq Bibiheybət məscidinə qədər uzanır. Bundan başqa mavi xətt var ki, o da Yeni Yasamaldan Bakıxanov ərazisinə qədər davam edəcək. Yəni, tikiləcək hər bir stansiyada kondisionerli vaqonlardan istifadə etmək mümkün olacaq. Güman ki, həmin xətlər qurulduqdan sonra köhnə xətlərdə də kondisionerli vaqonlardan istifadə etmək mümkün olacaq.

- Yeni sədrin gəlməsindən sonra qurumun daxilində bir çox işçi çıxarılması barədə xəbərlər yayıldı. İşdən çıxarılmanın ən çox da texniki işçilərə şamil edildiyi deyilirdi. Bu nə dərəcədə düzgündür?

- "Bakı Metropoliteni"ndə kütləvi ixtisarlardan söhbət gedə bilməz. Bununla maraqlanmaq istəyənlər birbaşa bizə müraciət edib əlaqə saxlaya bilərlər ki, əvvəlki işçilərin böyük əksəriyyəti, demək olar ki, hamısı öz iş yerlərində qalıblar. Sadəcə ixtisasına uyğun olmayan işçilər olub ki, onlara başqa işlər təklif olunub. Bundan sonra razılaşan və razılaşmayanlar olub. Razılaşmayanlar da öz ərizələri ilə işdən azad olunublar. Nə rəhbər, nə də texniki işçilərdən heç kim işdən çıxarılmayıb. Ancaq təbii ki, istisnalar var. Lakin kütləvi ixtisarla bağlı məlumat yoxdur. Çünki buna ehtiyac da yoxdur. Bu qurum elə bir yerdir ki, kənarda işləyən hər hansı bir şəxs "Bakı Metropoliteni"ndə mühüm postu tuta bilməz. Çünki bura strateji obyektdir. Hətta "Bakı Metropoliteni"nin belə bir tarixçəsi var ki, burada maşinist işləmək istəyən şəxs ali məktəbi bitirdikdən sonra ən azı 3 il çilingər işləməlidir. Yəni, o, qatarın bütün detallarını öyrəndikdən sonra maşinist köməkçisi işləyə bilər. Bir neçə il maşinist köməkçisi işlədikdən sonra da maşinist ola bilər. Bu da onu göstərir ki, kənardan heç bir əlavə işçi qəbulu aparılmayıb.

- Siz özünüz də bu sahənin peşəkarı deyilsiniz. "Bakıelektrikşəbəkə"nin işçisi olaraq burada işləmək çətin olmadı?

- Təbii ki, çətinlik olur. Onsuzda peşəm energetik deyil. Orada da mətbuat xidmətində işləyirdim. Bu sahə üzrə də ali məktəbi bitirmişəm. Bir faktı qeyd edim ki, ilk əvvəllər müəyyən çətinliklər vardı. Çünki 10 il "Bakıelektrikşəbəkə"də çalışmışam. Demək olar ki, o sahənin bütün sirlərini bilirdim. "Bakı Metropoliteni"nə gəldiyimdə məlumatım adi vətəndaşların bildiyindən çox deyildi. Lakin işimin məsuliyyəti o idi ki, nə qədər qısa bir zamanda bu sahəni öyrənə bilsəm, işimi o qədər layiqincə yerinə yetirə bilərəm. Nə dərəcədə yaxşı öyrəndiyimi yəqin ki, siz qiymətləndirərsiniz.

- Bir məsələ də var ki, maşinistlərin növbəsiz şəkildə işlədiyini deyirlər. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Bu fikir qətiyyən düzgün deyil. Metropolitendə müəyyən qaydalar var ki, maşinist onunla hərəkət edir. Normativ varsa ki, bir maşinist gün ərzində 8 yaxud da 6 saat maşın sürməlidir, deməli bunu heç kim poza bilməz. Lakin bu işlərə ciddi nəzarət olunur. Ona görə də bütün işlər normalara uyğun şəkildə həyata keçirilir.

- "Bakı Metropoliteni" qış vaxtına nə zaman keçir?

- İyunun 17-dən yay qrafikindən istifadə edirik. Qış rejiminə keçid sentyabrın 10-12-də nəzərdə tutulur. Bu o deməkdir ki, Bakı metrosunda qatarların sayını artırılacaq, intervallar isə qısalacaq. Hazırda 24 cüt qatarla işləyən metropoliten qış rejiminə keçdikdə 30 cüt qatarla fəaliyyətini davam etdirəcək. Bakı metropoliteninin strukturu elədir ki, intervalı istədiyimiz qədər azalda bilmirik. Çünki xətlər "28 may" stansiyasında kəsişir. 1,5 dəqiqədən aşağı interval vermək olmur. Hazırda yeni plan üzərində işlənilir. Bu plana əsasən "28 may" stansiyasında daha bir tunel tikiləcək və xətlər ayrılacaq. Yalnız bu halda intervalı xeyli azaltmaq mümkün olacaq. Onu da deyim ki, "Elmlər Akademiyası" stansiyasında təmirdə olan eskalator da artıq hazırdır. Eskalator sınaq yürüşündədir və yaxın günlərdə istifadəyə veriləcək.

- Qurumun hazırda yalnız 1 deposu (Nəriman Nərimanov) var. Deponun sayının artırılması istiqamətində hansı işlər görülür?

- Hazırda iki xətt olmasına baxmayaraq, N. Nərimanov adına bir elektrik depomuz mövcuddur. Hər bir xəttin özünün müstəqil deposu olmalıdır. Misal olaraq, "Avtovağzal" stansiyasının deposu Xocasəndə, "Dərnəgül" stansiyasının deposu isə Binəqədidə olacaq. Hazırda hər iki depoda tikinti işləri gedir. Xətlər istifadəyə verildikdən sonra depolar da işlək vəziyyətə gətiriləcək. Qeyd edim ki, gələcəkdə 5 xəttimiz və 5 depomuz olacaq.

- Bir müddət əvvəl nəqliyyat vasitələri üçün vahid kartlar istifadəyə verildi. Həmin kartların metro kartları ilə birləşdirilməsi nəzərdə tutulur?

- Hazırda mövcud məsələ ilə bağlı danışıqlar gedir. Biz də istəyərik ki, həm avtobuslarda, həm də metrolarda vahid kartlardan istifadə olunsun. Buna görə də müvafiq qurumlarla danışıqlarımızı davam etdiririk.

- Metroda belə dəyişiklik olsa, bu qiymət artımına təsir göstərəcək?

- Hələlik bu barədə söhbət gedə bilməz. Gediş haqqının qaldırılması ilə bağlı metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına hər hansı müraciət nəzərdə tutulmur.

Bütün xəbərlər Facebook səhifəmizdə