Culfa Rayon İcra Hakimiyyətində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Şükür Babayev məruzə ilə çıxış edib.
Bildirilib ki, Culfa rayonunda 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır, bu məsələ ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu tədbirlər bütün sahələrdə, eləcə də enerji təminatı sahəsində mütəmadi olaraq davam etdirilir. Rayon mərkəzində və kəndlərdə elektrik naqillərinin standartlara uyğun çəkilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi, həmçinin qaz infrastrukturunun səmərəli fəaliyyət göstərməsi, qaz xətlərinin işlək vəziyyətdə saxlanılması istiqamətində məqsədyönlü işlər görülür.
"Əhalinin təbii qazla təminatı istiqamətində də tədbirlər həyata keçirilib", – deyən icra hakimiyyətinin başçısı əlavə edib ki, bu sahədə görülən işlər nəticəsində 100 poqonmetr uzunluğunda yeni yeraltı qaz xətti çəkilib, 176 poqonmetr uzunluğunda yeraltı qaz xətti yenisi ilə əvəzlənib, istismar müddəti bitmiş qaz sayğaclarının yeniləri ilə əvəzlənməsi davam etdirilib.
Qarşıda duran vəzifələrdən bəhs edən Şükür Babayev deyib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar aidiyyəti orqanlar üzərlərinə düşən vəzifələrin icrası istiqamətində fəaliyyətlərini daha da gücləndirməli, mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirməlidirlər.
Qeyd olunub ki, son illər rayonda aparılan tikinti-quruculuq tədbirləri nəticəsində əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri müasir istilik sistemləri ilə təmin edilib. Lakin bəzi təşkilatlarda maye qaz və neft məhsullarından istifadə olunur. Bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə qaz və neft məhsulları ehtiyatı yaradılmalı, yenidən qurulan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin qazanxanalarına texniki baxış keçirilməli, daxili istilik sistemlərinin qış mövsümünə hazırlığı qısa müddətdə başa çatdırılmalıdır.
Tədbirdə, həmçinin qış aylarında ucqar kəndlərə fasiləsiz nəqliyyat xidmətinin təmin edilməsi, dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyi üçün zəruri tədbirlərin görülməsi, kommunal xidmətlərin yüksək səviyyədə aparılması, dayanıqlı rabitənin təmin olunması istiqamətində görüləcək tədbirlərdən də bəhs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB