2014-cü il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu sistemində 1 milyon 285 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,6%-ni təşkil edib. Pensiyaçıların 61,1%-i yaşa, 28,1%-i əlilliyə, 10,8%-i isə ailə başçısını itirməyə görə pensiya alır. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 172,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,2%-nə bərəbər olub.
Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1393,3 mln. manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 176,7 mln. manat və ya 14,5% çox vəsait yönəldilib. Pensiya xərcləri 2013-cü ilin müvafiq dövrünə nisbətən 14,6% artaraq 1359,6 mln. manat təşkil edib.
2014-cü ilin altı ayı ərzində əhaliyə 33,7 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,5%-i hamiləliyə və doğuma görə, 27,3%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,9%-i dəfn üçün ödənilən, 24,3%-i isə digər müavinətlərin payına düşür.
İyul ayının 1-nə 332,2 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 13,2 min nəfər, əlilliyə görə 125,3 min nəfər, ailə başçısını itirməyə görə 39,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 64,8 min nəfər təşkil edib.
Bu müddətdə əmək pensiyası almaq hüququ olmayan 55,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 517 nəfər qəyyumuna, eləcə də 9,9 min ailəyə 19,2 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluq-çularının uşaqları alıb. Bundan əlavə, 5,9 min 1 yaşadək uşağa görə 5,8 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 498 zərər-çəkən kompensasiya alıb.
Bununla yanaşı, 60,9 min nəfərə, o cümlədən 53,2 min uşağın doğulmasına görə, 4,5 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2,0 min nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1,2 min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
Bu ilin ilk yarımili ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 50,2 min nəfər aylıq təqaüd alıb.
Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanına əsasən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən başverdikdə I qrup əlil olaraq sosial müavinət alan vətəndaşlara aylıq məbləği 60 manat müəyyən olunmaqla prezident təqaüdü təsis edilib. Bununla yanaşı, əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə 2014-cü ilin aprel ayının 1-dən müharibə əlillərinə təyin edilmiş prezident təqaüdünün aylıq məbləği I qrup müharibə əlilləri üçün 36,4%, II qrup üçün 52,9%, III qrup üçün 66,7% artırılıb və müvafiq olaraq 150, 130 və 100 manat müəyyən edilib.
Bu ilin iyul ayının 1-i vəziyyətinə ölkədə 126,6 min ailənin 555,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 29,36 manat ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB