İqtisadçı ekspert: "Cəbhə xəttində yerləşən bələdiyyələr daha çox pul alacaqlar"
"Prezident İlham Əliyev "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərin edilməsi ilə sərəncam imzalayıb. Beləliklə, əgər əvvəllər bələdiyyəyə dotasiya verilən zaman onun ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınırdısa, son dəyişikliklərdən sonra bu meyarlar dəqiqləşib. Dəyişikliklərə görə, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr də dotasiya verilən zaman nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər". SİA-nın xəbərinə görə, bunu iqtisadçı ekspert Vüqar Bayramlı adıçəkilən qanuna dəyişikliklərin edilməsinin üstünlüyündən danışarkən deyib.
O həmçinin əlavə edib ki, dəyişikliyin digər müsbət tərəfi subvensiyaların verilməsi ilə bağlı konkret meyarların müəyyənləşdirilməsidir: "Belə ki, son dəyişikliklərdən sonra dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. Eyni zamanda, dövlət büdcəsindən subvensiyanın ayrılması üçün bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar hər il martın 15-dək təkliflərini təqdim edir. Daha sonra həmin təkliflər 30 gün müddətində yoxlanılaraq vəsaitin ayrılması statusu ilə bağlı qərar verilir. Müsbət cavab alan bələdiyyələr isə maliyyə-iqtisadi əsaslandırmalarını mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Beləliklə, ölkə başçısının imzaladığı son sərəncamı bələdiyyələrin dövlət büdcəsindən daha çox vəsait almasına imkan yaradacaq ki, bu da onların maliyyə imkanlarının genişlənməsinə səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB