İran şirkətləri yerli iş adamları ilə əlaqələr yaratmaqda maraqlıdırlar

İran şirkətləri yerli iş adamları ilə əlaqələr yaratmaqda maraqlıdırlar

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda səfərdə olan İranın Ticarət və Sənaye Palatası sədrinin müavini Ələkbər Farizi ilə görüşüb. Konfederasiyadan bildirilib ki, görüşdə iki ölkənin sahibkarlıq təşkilatları arasında işgüzar əlaqələrdən söhbət açılıb.

Azərbaycanla İran arasında qonşuluq və dostluq münasibətlərinin zəngin tarixə malik olduğunu qeyd edən M.Musayev iranlı iş adamları ilə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında biznes əlaqələrinin yaranmasına dəstək veriləcəyini vurğulayıb.

ASK ilə İranın Azərbaycandakı səfirliyi arasında mövcud işgüzar əlaqələri yüksək dəyərləndirən Ələkbər Farizi xarici ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməyin vacib olduğunu bildirib.

Avqustun 7-də Bakıda keçiriləcək Azərbaycan-İran Biznes Forumunda iştirak etmək məqsədilə ölkəmizə gələn Ə.Farizi qeyd edib ki, 50-dək İran şirkətinin Azərbaycana səfəri yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır. Onlar bilavasitə yerli iş adamları ilə qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdırlar.

Görüşdə hər iki tərəfin nümayəndələrindən ibarət əməkdaşlıq şurasının yaradılması təklifi müsbət qiymətləndirilib.

İranlı qonaqlar ASK-nın prezidentini azərbaycanlı nümayəndə heyəti ilə birgə bu ilin sentyabr–oktyabr aylarında İran bölgələrinə səfər etməyə dəvət ediblər. Səfər çərçivəsində iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə