İranlı nazir Azərbaycanda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub FOTOLAR

İranlı nazir Azərbaycanda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub FOTOLAR

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında olan qonaqlara bildirilib ki, Sənaye Parkı 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı əsasında yaradılıb.

Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 ha sahə ayrılıb. SKSP ölkəmizdə qeyri-neft sənayesinin inkişafına, yerli və xarici investisiyaların cəlb edilməsinə və yeni rəqabət qabiliyyətli məhsul istehsalına töhfəsini verəcək.

Qonaqlara SKSP-də investorlar üçün yaradılan güzəşt mexanizmləri və xidmətlər barədə də ətraflı məlumat verilib.

Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.

İran nümayəndə heyəti həmçinin, "Gilan" Tekstil Parkında olub.

Məlumat verilib ki, Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. "Gilan" Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur.

Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə