İqtisadiyyat və Sənaye Nazirliyində İran nümayəndə heyəti ilə görüş keçirilib FOTOLAR
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 5-də Fəxri Xiyabanda olub, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. SİA-nın məlumatına görə, iranlı qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüb. İran nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Həmin gün İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə görüşü, həmçinin aprel ayında Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. Azərbaycan və İran arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi münasibətlərin inkişafına şərait yaratdığını qeyd edən Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın daha da inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Bildirilib ki, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm, bank, meliorasiya və irriqasiya, ticarət sahələrində, Azərbaycanda yaradılan sənaye parklarında İran şirkətlərinin iştirakı, birgə istehsal sahələrinin yaradılması və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar var.
Görüşdə İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının, rəsmi görüşlərin və biznes forumun keçiriləcəyi, bu tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağı vurğulanıb.
Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınmasının, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın Azərbaycanın ədalətli mövqeyini davamlı dəstəkləməsinin, Ermənistana təzyiqin gücləndirilməsinin önəmli olduğunu vurğulayıb.
İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi Azərbaycan Respublikasının Prezidentinin bu ilin aprel ayında İrana rəsmi səfərini məmnunluqla xatırlayıb və səfərin iki ölkə arasında əməkdaşlığın genişləmnməsində mühüm əhəmiyyətini vurğulamışdır. Mahmud Vaezi Azərbaycandakı sürətli inkişafın İran nümayəndə heyətində dərin təəssürat yaratdığını diqqətə çatdırmış, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB