Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Son 10 ildə Azərbaycanın hər bir bölgəsi kimi, Ağstafa rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası iqtisadiyyatın inkişafına, abadlıq-quruculuq işlərinin sürətlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artırılmasına və sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan verib.
Bu inkişafın nəticəsidir ki, 2003-cü illə müqayisədə 2013-cü ildə Ağstafa rayonunun büdcəsinin xərcləri 6,1 dəfə, gəlirləri 9,3 dəfə artıb. 2003-cü ildə gəlirlər xərclərin vur-tut 14,9 faizini təşkil etdiyi halda, ötən il bu göstərici 25,1 faizə çatıb.
Rayon üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi 2013-cü ildə 2003-cü illə müqayisədə 5 dəfə, sənaye məhsullarının həcmi 5 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,6 dəfə, tikinti işlərinin həcmi 26,1 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 29,6 dəfə, nəqliyyat xidməti 2,2 dəfə, rabitə xidməti 2,6 dəfə, ticarət 5,4 dəfə artıb. Bu dövrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,2 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,5 dəfə, orta aylıq nominal əmək haqqı 9,2 dəfə yüksəlib. Son 10 ildə rayon əhalisinin gəlirləri 4,8 dəfə, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4,5 dəfə, bir nəfərə düşən gəlir 4,4 dəfə çox olub.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində hesabat dövründə Ağstafa rayonunda 3 tibb ocağı, 3 yeni uşaq bağçası-körpələr evi, şəhid ailələri və Qarabağ əlilləri üçün 84 mənzildən ibarət 4 bina və 5 fərdi ev, qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət 4 bina və bir fərdi ev tikilib istifadəyə verilib.
Rayonda sahibkarlığın inkişafına və yeni özəl qurumların yaranmasına göstərilən diqqət və qayğının nəticəsində ötən 10 il ərzində yeni açılan iş yerlərinin sayı 9704 olub ki, bunun da 52,1 faizi daimidir. Bu müddətdə rayon iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi 70,6 faizə çatıb. Kənd təsərrüfatında bu göstərici 92, ticarətdə 98,4, nəqliyyat sektorunda 92,3 faiz təşkil edir.
Ağstafanın inkişafından danışarkən rayonun yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd etməmək mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 24 avqust tarixli Sərəncamı ilə 11 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Yeni gün-Aşağı Göycəli, 2013-cü il 2 oktyabr tarixli Sərəncamına əsasən isə 8 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yollarının tikilib istifadəyə verilib.
Azərbaycan Prezidentinin tapşırığına əsasən uzunluğu 59 kilometr olan Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən tikilərək istifadəyə verilməsi isə 20 min əhalinin yaşadığı 12 yaşayış məntəqəsi əhalisinin bir sıra iqtisadi və həm də sosial problemlərinin həllini təmin edib. Bütövlükdə 2003-2013-cü illərdə rayon ərazisində 100 kilometrdən artıq avtomobil yoluna asfalt örtüyün döşənməsi təmin edilib.
Bütün bunlardan əlavə, Azərbaycan Prezidentinin Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 2012-ci il 13 aprel tarixli və 2013-cü il 9 iyul tarixli sərəncamları ilə ayrılan maliyyə vəsaitləri hesabına rayonda mühüm infrastruktur və abadlıq-quruculuq işlərinin başa çatdırılması təmin edilib.
Ağstafada regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət proqramlarına uyğun olaraq aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr əldə edilib. Bütövlükdə birinci və ikinci Dövlət proqramları ilə dəstəklənən tədbirlərin icrasının təmin edilməsi sayəsində Ağstafa rayonunda 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 2003-cü illə müqayisədə 2,6 dəfə artıb. Həmin dövrdə rayon üzrə taxıl əkini sahəsi 3373 hektar genişlənib, istehsal edilən məhsulun həcmi isə 2003-cü illə müqayisədə 1,5 dəfə çox olub.
Dövlət proqramlarının tələblərinə müvafiq surətdə 2003-2013-cü illərdə rayonda kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri çərçivəsində yeni üzüm və meyvə bağlarının salınmasına, bostan, tərəvəz məhsullarının əkini və istehsalının artırılmasına diqqətlə yanaşılıb. Bu illər ərzində rayonda 155 hektar yeni üzüm və 241 hektar meyvə bağı salınıb. Həmin sahələrdən əldə olunan məhsulun həcmi 2,2 dəfə artıb.
Son 10 ildə rayonda ət və süd istehsalı sahəsində də uğurlu nəticələr əldə edilib. Heyvandarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən il 2003-cü illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 5 min, xırdabuynuzlu heyvanların sayı isə 20 min baş artıb.
Ötən il Ağstafa şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası tamamlanıb. Hazırda Ağstafa şəhərinin kanalizasiya sistemlərinin çirkab su təmizləyici qurğularının tikintisi aparılır. Bu layihənin həyata keçirilməsi 18 min sakinin su və kanalizasiya sistemləri ilə təchizatını təmin edəcək.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkənin digər bölgələri kimi, Ağstafa rayonunda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilməsinə əsas yaradıb. Birinci və ikinci Dövlət proqramları çərçivəsində Ağstafa rayonunda 12 yeni məktəb binası tikilib. Bütün məktəblərdə cari və əsaslı təmir işləri aparılıb. Məktəblərə 475 ədəd kompyuter verilib, yeni avadanlıq və inventarlarla təmin edilib. Hazırda daha iki məktəb binasının tikintisi davam etdirilir.
Dövlət proqramları çərçivəsində son 10 ildə rayonu maliyyə şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi, rayon baytarlıq və statistika idarələri üçün yeni inzibati binalar tikilib istifadəyə verilib. Rayonda poçt rabitəsinin yaxşılaşdırılması üçün mərkəzi poçtun inzibati binası və yerlərdə 12 yeni poçt binası inşa edilib. "Akkord" tikiş fabriki, "Ağstafasüd" MMC və "Ağstafa Aqroservis" MMC kimi yeni müəssisələrin tikintisi və istifadəyə verilməsi də rayonun sənaye və aqrosənaye kompleksinin inkişafına təkan verən amillər sırasındadır.
Əldə olunan uğurlar rayon əhalisini qətiyyən arxayınlaşdırmır. Ağstafa bu gün sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Bu inkişafın, tərəqqinin əsas hədəfi 2014-2018-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramında rayon üzrə müəyyən edilmiş vəzifələri yerinə yetirməkdir. Bu gün böyük tikinti-quruculuq meydanına çevrilmiş Ağstafa rayonu əhalisinin üçüncü Dövlət Proqramından irəli gələn vəzifələri də uğurla yerinə yetirəcəyinə artıq heç kim şübhə etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB