Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Nağdsız ödəyin, hədiyyə qazanın!" mövzusunda tədbir keçirilib. Tədbirdə nağdsız ödənişlərin aparılmasında fəallıq göstərən vətəndaşlara hədiyyələr təqdim olunub. Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, vergi xidməti müşaviri Nurlan Əliyev nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Bildirilib ki, vergi və alıcılıq mədəniyyətini yüksəldən amillərdən biri də nağdsız hesablaşmaların həyata keçirilməsidir. Hazırda bu cür hesablaşmalarda əsas vasitə rolunu oynayan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması məqsədilə tədbirlər görülməsi, habelə nağdsız əməliyyatların üstünlükləri haqqında maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilir. Görülən işlərin nəticəsidir ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində bu il iyulun 1-nə muxtar respublikanın ticarət və iaşə obyektlərində 646 ədəd POS-terminal quraşdırılıb. Bunun da 398 ədədi cari ilin birinci yarısında tətbiq edilib.
Qeyd olunub ki, qarşıya qoyulmuş tapşırıqlardan biri də əhalinin POS-terminallardan istifadə etməsi üçün müxtəlif həvəsləndirici tədbirlərin həyata keçirilməsidir. Satılan mallara, göstərilən xidmətlərə görə pul vəsaitlərinin nağdsız qaydada ödənilməsinin təmin olunması, bu işdə ictimaiyyətin gücündən istifadə edilməsi, beləliklə, vergidən yayınmanın qarşısının alınması məqsədilə altı ayda bir dəfə həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək bildiriblər ki, 2014-cü ilin ilk altı ayı ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə məlumatlar alınıb və bir sıra amillər nəzərə alınmaqla hədiyyələrin seçilməsi meyarları təsbit olunub. Belə ki, 150 manatdan 501 manatadək nağdsız əməliyyat aparan şəxslərə (20 nəfər) təqdim olunan hədiyyələrin dəyəri 45-55 manat, 501 manatdan 1001 manatadək əməliyyat aparanlara təqdim olunan hədiyyələrin dəyəri 65-75 manat (34 nəfər), 1001 manatdan 2001 manatadək nağdsız əməliyyat aparan şəxslər üçün hədiyyənin dəyəri 75-100 manat (17 nəfər), 2001 manatdan artıq məbləğdə nağdsız əməliyyat aparan şəxslər üçün isə hədiyyələrin dəyəri 260 manat (5 nəfər) təşkil edib.
Sonra hədiyyələr sahiblərinə təqdim olunub.
Nağdsız əməliyyatlara üstünlük verən vətəndaşlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB